Media nümayəndələrinin akkreditasiyası üçün son 10 gün

Bakı şəhər halqası əməliyyat şirkəti 5-7 iyun tarixlərində Bakıda 5-ci dəfə keçiriləcək Formula1 qran-prisinə yerli media nümayəndələrinin akkreditasiyası ilə bağlı sənəd qəbulu sona yaxınlaşır. Allsport.az xəbər verir ki, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və yarışın milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri tezliklə qeydiyatdan keçməyə dəvət edib:

“Bu il də yerli jurnalistlər arasında Formula1 yarışlarının işıqlandırılmasına maraq olduqca böyükdür. Həmişə çalışırıq ki, qran-pridə yaxından iştirak etmək istəyən media nümayəndələri təklif olunan bütün imkanlardan vaxtında tam yararlana bilsinlər.

İndiki məqamda artan rəğbəti və edilən müraciətlərin çoxluğunu nəzərə alaraq vaxtı bir qədər uzatdıq ki, FIA-nın tələblərinə tam cavab verən hər bir yerli jurnalist paytaxtımızın 5-ci dəfə ev sahibliyi edəcəyi möhtəşəm yarışdan kənarda qalmasın. Müvafiq kriteriyaları ödəyən bütün media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə dəvət edirəm”.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi martın 5-i saat 17:00-də başa çatacaq. Qeydiyyatdan keçmək istəyən jurnalistlər əməliyyat şirkətinin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.

Həmin kateqoriyadan