“Mercedes” Bakıya lider kimi gəlir

Bakıda təşkil olunacaq Formula-1 Avropa qran-prisinə artıq 2 həftədən də az vaxt qalıb. Allsport.az saytı xəbər verir ki,  iyunun 17-19-da bütün dünyanın diqqəti paytaxt Bakıya yönələcək. Bakı Formula-1 yarışının səkkizinci mərhələsinə – Avropa qran-prisinə ev sahibliyi edəcək. Güclü komandaların mübarizə aparacağı yarışda ən iddialı kollektivlərdən biri “Mercedes”dir.

“Mercedes AMG Petronas” komandası ən güclü rəqiblərdən hesab olunur. Konstruktor kubokunun ikiqat qalibi olan komanda Formula-1 yarışlarında 1954-cü ildə debüt edib. 1954-cü və 1955-ci illərdə komanda uğurlu çıxış etsə də, bu yarışı tərk edib. Şirkətin 1990-cı və 2000-ci illərdə mühərrik tədarükü ilə məşğul olmasına baxmayaraq, komanda 2009-cu ildə yenidən yarışa qayıdıb.

Heyətində yeddiqat dünya çempionu Mixael Şumaxerin yarışdığı komanda “Williams”ın pilotu Niko Rosberqi də kollektivə cəlb edib. Nik Haydfeld isə komandanın ehtiyat pilotu olub. 2012-ci ilin sonunda M.Şumaxerin karyerasını başa vurmasından sonra 2008-ci ildə dünya çempionu olmuş pilot Luis Hamilton heyətə cəlb edilib.

1954-cü ildə komanda dünya çempionatında “Mercedes-Benz W196” avtomobili ilə çıxış edib. 1951-ci ildə dünya çempionatının qalibi olmuş Xuan-Manuel Fanxio mövsümün gedişində “Maserati”ni tərk edərək “Mercedes”in heyətini keçib və uğur özünü çox gözlətmir. Belə ki, 1954-cü il iyulun 4-də Fransa qran-prisində komandanın pilotları Fanxio və Karl Klinq ilk iki pillədə qərarlaşırlar. Həmçinin Fanxio Almaniya, İsveçrə və İtaliya Qran-prilərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və çempionatın qalibi olub.

1955-ci ildə də komandanın yarışda dominantlığı hiss olunub. Belə ki, Fanxio Argentina, Belçika, Niderland, onun yeni həmkarı Stirlinq Moss isə Böyük Britaniya mərhələlərinin qalibi olub. Fanxio və Moss mövsümü müvafiq olaraq birinci və ikinci pillədə başa vurublar. Ancaq iyunun 11-də 24 saatlıq Le-Man yarışında baş verən faciə hər şeyi dəyişir. “Mercedes”in pilotu Pyer Levaq və 83 tamaşaçının ölümü Fransa, Almaniya, İspaniya və İsveçrə Qran-prilərinin ləğv olunması ilə nəticələnir. Mövsümün sonunda konsern avtomobil idman yarışlarında iştirakını dayandırır.

2009-cu il noyabrın 16-da “Mercedes-Benz” “Brawn” komandasını alması barədə rəsmi məlumat yayır. Ross Braun komandanın rəhbəri vəzifəsində, komandanın bazası isə Breklidə (Böyük Britaniya) saxlanılır. Noyabrın 23-də Niko Rosberq komandanın əsas pilotu elan edilir. Bir ay sonra isə yeddiqat dünya çempionu Mixael Şumaxer “Formula-1” yarışlarına qayıdışını elan edir və komandaya qoşulur. Lakin M.Şumaxer üç il sonra zədələndiyindən ümumiyyətlə yarışlardan uzaqlaşmalı olur.

Hazırda komandanın əsas pilotu Niko Rosberq və Luis Hamiltondur. Cari mövsümdə hesabında 188 xal olan “Mercedes” komandası konstruktorlar kubokunda liderliyi davam etdirir. Xallardan 106-sı Niko Rosberqin, 82-si isə Luis Hamiltonun hesabındadır.

Həmin kateqoriyadan