- Baxış sayı: 7
- 25 Noyabr 2024 11:53
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Milli komandamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti 2 oyununu keçirib. Allsport.az xəbər verir ki, Robert Prosineçkinin yetirmələri bu ilin martından başlayan məğlubiyyətsiz oyunlar seriyasını Xorvatiya ilə Maltayla matçlarda davam etdirib. “H” qrupunda yer alan millimiz bu mütəxəssisin rəhbərliyi altında növbəti 2 oyunda heç-heçə edib.
Milli Prosineçkinin yığmamızdakı 1 ilə yaxın fəaliyyəti dövründə ilk ardıcıl matçlarda meydana çıxıb. Sentyabrın 3-də “Bakcell Arena”da xorvatları qəbul edən millimiz qrup liderinə qarşı inamlı, əzmkar oyun nümayiş etdirib. Rəqib 90 dəqiqə ərzində daha çox hücum edən tərəf olsa da, qapımıza yol tapa bilməyib. Görüşdə hesab açılmayıb və bununla da xorvatiyalı çalışdırıcımız həmyerlilərini büdrədib. Niko Kovaçın yetirmələri cari seçmə mərhələdə bunadək yalnız İtaliyayla matçlarda xal itirmişdi. Həm də Xorvatiya ilk dəfə meydanı qolsuz tərk edib.
Millimizin isə ardıcıl 3 rəsmi oyunda qol buraxmaması tarixində ilk dəfə idi. Yığmamızın növbəti sınağı sentyabrın 6-da səfərdə Maltayla olub. Futbolçularımızın qrup autsayderinə, onun meydanında da qalib gələcəyi gözlənilsə də, bu, baş verməyib. Oyun boyu üstünlüyə malik olan bizimkilər sonda 2:2 hesablı bərabərliklə kifayətləniblər. Millimizin hər 2 qolunu (36 və 80-ci dəqiqələrdə) yarımmüdafiəçi Rahid Əmirquliyev olub.
Ardıcıl 3-cü dəfə heç-heçə edən və rəsmi oyunlarda məğlubiyyətsiz seriyasını 4-ə çatdıran millimiz ötən seçmə mərhələdəki rekordunu təkrarlayıb. Ancaq hesabında 6 xal olan yığmamız final mərhələsinə düşmək şansını da itirib.
Milli AÇ-2016-ya İtaliya ilə ev (10 oktyabr ), Bolqarıstanla səfər oyunu (13 oktyabr) ilə yekun vuracaq. UEFA-nın qərarıyla italyanlarla matç Bakı Olimpiya Stadionunda keçiriləcək. Bununla da həmin arenada ilk dəfə futbol matçı baş tutacaq.
Məhəmməd Mirzəbəyov: “Rəsmi debütüm uğurlu alındı”
Prosineçki bu 2 matça “Qəbələ”dən 5 futbolçunu çağırmışdı. Müdafiəçi Ürfan Abbasov rəsmi oyunlaradək hazırlıqdan kənarlaşdırılıb. 4 futbolçu – müdafiəçilər Arif Daşdəmirovla Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Rəşad Sadiqovla Elvin Camalov millinin heyətində olub. Prosineçki bu matçlarda müdafiənin sol və sağ cinahını müvafiq olaraq Ariflə Məhəmmədə tapşırıb. Onlar əvəzolunmadan çıxış ediblər. Rəşad hər 2 matçda ikinci hissədə (63 və 70-ci dəqiqələrdə) meydana çıxıbsa, Elvin ümumiyyətlə oynamayıb.
Bu, Mirzəbəyovun millimizdə rəsmi debütü olub. 25 yaşlı müdafiəçi daha öncə iyunun 7-də Serbiya yığmasıyla Avstriyada keçirilən yoldaşlıq görüşündə (1:4) forma geyinmişdi. “Qəbələ İK”ya təəssüratlarını bölüşən Məhəmməd “Qəbələ”də olduğu kimi, millidə də rəsmi debütündə nəticə qazandıqlarına görə sevindiyini bildirib: “Bu, Serbiyayla oyundan fərqli olaraq rəsmi matç idi. Əsas heyətdə meydana çıxacağımı oyuna 2 gün qalmış bilirdim. Prosineçkinin məni oynadacağını hələ məşqlərdə hiss etmişdim. Sevinirəm ki, həm baş məşqçinin etimadını doğrultdum, həm də güclü rəqiblə oyunda xal qazandıq. Hər halda, Xorvatiya Avropanın ən güclü yığma komandalarından biridir. Təbii ki, belə rəqiblə matçda rəsmi debütüm, onun da uğurlu alınması məni çox sevindirdi. Söz yox, “Real, “Barselona” və “Yuventus” kimi güclü klublarda çıxış edən futbolçulara qarşı oynamaq çətin idi. Ancaq şükür ki, rəqibin güclü təzyiqinə dözdük və xal qazandıq. Əlbəttə, məqsədim, həm də klubumuzu layiqincə təmsil etmək idi. Düşünürəm ki, “Qəbələ”li futbolçular da yaxşı təsir bağışladı”.
Sadiqov isə uzun fasilədən sonra milliyə qayıdıb. Prosineçki Sadiqovu fevralda Antalya toplanışına çağırsa da, 32 yaşlı futbolçu zədə üzündən hazırlıqda iştirak edə bilməmişdi. Bu dəfə belə problem yaşamayan Rəşad xorvatiyalı mütəxəssisin ona göstərdiyi diqqəti qeyd edib: “Göründüyü kimi, Prosineçki Avropa Liqası matçlarında oyunumu görərək, mənə yenidən dəvət göndərdi. Təəssüratlarım çox yaxşı oldu. Yeni baş məşqçinin dönəmində milliyə qayıdışımda yaxşı nəticə qazandıq. Açığı, oynayacağımı gözləyirdim. Prosineçki matçdan öncə mənə dedi ki, hər dəqiqə səni meydana buraxa bilərəm. Ona görə də hər an oynamağa hazır idim. Prosineçki yaxşı mütəxəssisdir, futbolçulara inamı var. O, komandaya qələbə ruhu verir. Mənə elə gəlir ki, Prosineçkinin vaxtında millidə daha yaxşı nəticələr əldə etmək olar”.