Misli görünməmiş cürət: Peşəkar futbol liqası Heydər Əliyevdən imtina etdi!

Heydər Əliyevin xalqın fiziki sağlamlığı üçün bədən tərbiyəsinə həmişə xüsusi qayğı göstərdiyi heç kimə sirr deyil. Azərbaycana rəhbərlik etdiyi illərdə o, respublikada idmanın, bədən tərbiyəsinin kütləviliyini də öz çıxışlarında dəfələrlə ön plana çəkərək demişdir: “Biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik, bu, Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün, təbiidir ki, lazımi imkanlar da yaratmalıyıq, lazımi şərait də yaratmalıyıq”.

Ötən ayın sonu PFL öz rəsmi internet səhifəsini yenilədi. Minimalist üslubda 32 illik futbol arxivi yerləşdirildi, liqaların özünəməxsus dizaynı oldu, “Yüzlər klubu”nun timsalında ilk dəfə avrokubok tariximiz ərsəyə gəldi, KİV qeydiyyatı üçün bölmə yaradıldı. Özünün qeyd etdiyi kimi, bütün futbol məqamları bir araya toplandı. Bu, şüarda da öz əksini tapdı: Hər toxunuşda futbol. Çox gözəl! Amma tərtibatda dəyişiklik edərkən, ciddi nöqsana yol verildi: yuxarı başda ümummilli liderin təbəssümlə dolu nurani siması və “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” məşhur ifadəsi yer almadı.

Bir müddət gözlədim. Dedim, sayt yeni təkmilləşib, ola bilsin əlavələr olacaq və nəzərdən qaçanlar öz yerini tutacaq. Amma gördüm yox, nə layiq olan yerinə qaytarılır, nə də bu barədə kimsə bir söz deyir (yazır). PFL-in birinci prezidenti Ramin Musayevin Heydər Əliyevə rəğbəti vardı. İlk tərtibatda bu, onun istəyi ilə olmuşdu. Sayt çox sadə, rahat və əlçatan idi. Mobil telefon versiyası da bəyənilirdi. Bəs nə oldu ki, sonradan xain qüvvələri sevindirəcək addım atıldı? Belə görünür, həyatda olanlardan ilahi dərs çıxarmayanlar daha irəli gedərək, yeni himayədarı “Misli” ilə əlbir olub Heydər Əliyevi və artıq Azərbaycan idmanının qayəsinə çevrilən müdrik kəlamını öz tarixlərindən silməyə qərar veriblər – doğrunun yox nadürüstün, ədalətin deyil görüntünün yanında yer alıblar, vicdanı AFFA-dan birdəfəlik qovublar.

İndi aydın olur, nəyə görə PFL onu ifşa edən allsport.az ilə bu mövsüm səfər layihəsi müqaviləsini yeniləmədi. Çünki ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin təsis etdiyi Media reyestrini qəbul etmir və orada qeydiyyatdan keçənləri tanımır. Üstəlik, yerlərdə hökumətə qarşı çıxanların aşkarlanmasını, saxtakarlığın, pozuçuluğun ictimailəşməsini gizlətməyə çalışır. Arxayındır ki, əməkdaşlığa cəlb etdiyi və layihədə yer verdiyi saytlar bu məsələdə susacaqlar. Bu üzdən ağıldan kəmləri, qeyri-leqal fəaliyyət göstərənləri, yurdunu bəyənməyib Avropada ünsürləri dəstəkləyən bəzi fotoqrafları və bloqçuları (dolayısı ilə 3000 şəhid məqaləsini Vikipediyadan silənlərlə əlaqəlilər) akkreditasiyadan keçirməyə başlayıb. Onlar əsasən “Qarabağ”ın ev oyunları üzərindən fəaliyyət göstərirlər. Mətbuat konfransları zamanı müxtəlif otaqlarda ölkəni nüfuzdan salmaq üçün Avropa məhkəməsinə çıxış yollarının müzakirəsi gedir.

Heydər Əliyev qarşı mövqeyiniz artıq bəllidir.  Barı, onun idmanla bağlı dediyi qızıl şüarı saxlayardınız. Belə futbolu (idmanı) bilirsiz? Bilirsinizsə, niyə nəticə yoxdur? Hər avrokubokda futbol iflic olur, premyer liqa başlar-başlamaz saysız-hesabsız çatışmamazlıqlar və nöqsanlar ortaya çıxır – yel əsən kimi işıq dirəyi aşır, stadionda su gəlmir, məşqçilər hakimlikdən gileylənir, media VAR-ın yoxluğundan danışır. Ölkə idmanı tarixinin acı və istehzalı lətifəsinə baxın: Hər toxunuşda futbol. Varmı? Harada? Nəsə gözə dəymir. Bir “Qarabağ” var, onu da “Qurban getsin” deyənlərə şərait yarada-yarada böyrü üstə yıxmısız.
AFFA da durumdan məmnundur. Təzə rəhbərliyin səsi çıxmır. Düzdür, o uğursuzların səsini “futbol Tanrısı” alıb, adi 1 xala həsrət qalıblar. İndi əlacları hər yenilgidən sonra bir tuş çaldırmaqdır. Onsuz da nə gedir, bağdan gedir…

Xülasə, PFL-də yeni rəhbərlik formalaşandan, özəlliklə, “Misli” ilə əməkdaşlıqdan sonra çox şey dəyişib ki, bu da aidiyyatı qurumların diqqətindən yayınmamalıdır. Qarabağın soysuz düşməndən azad olunması Azərbaycan prezidenti İlham Əliyevin baş layihəsidir. O bölgədə və Ərmənlərdə, eləcə də digər ətrafda itirdiyimiz məkanlar həssas məsələdir. Futbolda bəzi qüvvələr hər vəchlə həmin yer adlarının klub olaraq önə çıxmasına şərait yaradıb, maliyyə sövdələşməsinə gedib, sonra onu gözdən salmaqla məşğuldurlar. “İrəvan”ın məqsədli və urvatsız şəkildə səhnədən silinməsi buna əyani misaldır. Növbədə, yeni yaradılan “Xankəndi”dir. Bu barədə allsport.az-a bilgi daxil olub, hazırda araşdırma aparırıq.

“Misli”yə gəlincə, bu şirkət idman mediasında nəzarəti tam ələ alıb. Mətbuat katibləri şərti vəzifə daşıyır, ancaq göstərişlə hərəkət edirlər. KİV-ə məsul şəxs offsideplus.az-ın gerçək sahibidir. Bu saytın tənqid etdiyi klublar sırasına “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Kəpəz” daxildir. Düzdür, bu komandalar cari mövsümdə yarış cədvəlində hazırda aşağı yerdədirlər. Amma ötən çempionatda “kimyaçılar”, “ağ-qaralar” və “dənizçilər” iddialılardan idi; “Neftçi” ilə “Səbail” son dövrədə rəqabətdən qopdu. Demək, ortada qərəz və ondan doğan məqsəd var. Adları son çəkilən klublara qarşı bu açıq sezilir.

Çox güman, mövsümün sonunda “Araz-Naxçıvan”ın avrokubokda mübarizəsi dərinləşəndən sonra, “qırmızı qurdlar” da hədəfdə olacaqlar. Premyer liqada isə, 10 komanda çıxış edir və demək olmaz ki, onların hamısının işi rəvan gedir.
Sentyabr ayından Yutub üzərindən “Offside” TV fəaliyyətə başlayıb. Böyük ehtimalla, bir müddət sonra onun da üzərindən müxtəlif istiqamətlər üzrə təzyiqlər olacaq. Gənclər və idman nazirliyinə qarşı açıq savaşa cəsarət etməsə də, qrup şəklində (GİN-dən şikayət məktubunda adları qeyd olunan jurnalistlər) gizli proses gedir. Hazırlıq, Azərbaycan idman jurnalistləri ictimai birliyinin ələ keçirilməsi, AFFA-nın (dolayısı ilə “Misli”) mediaya ayıracağı böyük maliyyənin AİJİB üzərindən nəzarətə götürülməsi və öz yaxınlarına bölüşdürülməsidir.

COP-29 ərəfəsində ölkəmizə təzyiq artıb. Azərbaycanın uğurunu dünya gücləri həzm etmək istəmirlər. Avropa parlamenti yenə qərəzlidir. Sözsüz ki, içdə onların dəyirmanına su tökənlər var. Bu yel idman mətbuatından da yan ötmür. Son zamanlar “Misli”nin media sözçüsünün sorağı Avropadan gəlir. Avrokuboklarda, yəni beynəlxalq futbol tədbirlərində Azərbaycanın nüfuzuna xələl gətirəcək hərəkətlərə şərait yaradılır. Yəqin ki, PFL-in ölkə başçısına öz “hədiyyəsi” var: bir yolla onu təqdim etmək istəyir…

Kamran HACI

Həmin kateqoriyadan