MOK-da yeniyetmələrin olimpiya oyunlarına vəsiqə qazananlarla görüş

Milli Olimpiya Komitəsində Buenos-Ayres-2018-ə vəsiqə qazanan idmançılar, həmçinin məşqçilər və federasiya nümayəndələri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, MOK-un idman mütəxəssisi Vaqif Əliyev yeniyetmələrin olimpiya oyunlarına əhəmiyyətindən, hazırlıq, orada yaşayış və qeydiyyat məsələləri haqqında məlumat verib.

MOK-un əməkdaşı Ceyhun Rəhmanov Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya gündəliyi-2020 haqqında tədbir iştirakçılarını məlumatlandırıb. “Olimpiya Gündəliyi-2020”nin əsas müddəası olan dopinqlə mübarizə haqqında videoçarx təqdim olunub.

Buenos-Ayres-2018-in gənc səfiri, MOK-un əməkdaşı Səkinə Vəliyeva oyunlarla bağlı təqdimatla çıxış edib. Təqdimatda idman yarışlarının sayı, növləri, keçiriləcəyi məkanlar, iştirakçıların və rəsmilərin ehtimal olunan sayı və digər vacib məqamlar barədə iştirakçılara ilkin məlumat verilib. Bu olimpiadada əsas diqqətin dopinqlə mübarizəyə yönəldildiyi qeyd olunub.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb. Xatırladaq ki, yeniyetmələrin 3-cü oyunları oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək. Tədbirdə 4 minə yaxın olimpiyaçının iştirakı gözlənilir. Hazırda Azərbaycan millisinin hesabında 7 lisenziya var. Onlardan 2-si üzgüçülük, 1-i gimnastika, 2-si stolüstü tennis, 1-i taekvondo və 1-i boks idman növü üzrə qazanılıb.

Həmin kateqoriyadan