- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İyun ayının 5-də “insidethegames.biz” saytında “Maklarenin hesabatında Azərbaycan prezidenti, Ayana dopinq cəzalandırılmasını gecikdirdiyinə görə təşəkkür etdiyi deyilir” başlığı ilə məqalə dərc olunub. Allsport.az saytının məlumatına görə, orada kanadalı professor Riçard Maklaren Beynəlxalq ağırlıqqaldırma federasiyasının sabiq prezidenti Tamaş Ayanın quruma rəhbərlik etdiyi dövrdəki fəaliyyəti barədə iddialar üzrə müstəqil qaydada apardığı və nəticələrini açıqladığı araşdırma-hesabatda Azərbaycan idmançıları ilə bağlı məsələlərə toxunulub.
İddiaya görə, milli olimpiya komitəsi 2016-cı ildə İWF prezidenti Tamaş Ayana təşəkkür məktubu yazaraq, əvvəllər etdiyi köməyə görə təşəkkür edib. Hesabata əsasən, bu kömək 2013-cü ildə qadağan olunmuş preparatları qəbul edərək dopinq cəzasına məruz qalmış 18 azərbaycanlı ağır atletin həmin cəzasının tətbiqinin gecikdirilməsi və onların həmin ilin dekabr ayında Bakıda keçirilən nüfuzlu beynəlxalq qran-pridə iştirakına imkan verilməsindən ibarət olub. Mütləq şəkildə bildirilməlidir ki, iddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır.
Ümumdünya antidopinq məcəlləsinə əsasən antidopinq qayda pozuntusunu törədən idmançının dopinq nəzarəti testi götürüldüyü tarixdən etibarən qərarın tarixinədək əldə etdiyi bütün nəticələri ləğv edilir. Bu isə o deməkdir ki, haqqında danışılan idmançılar onsuz da cəzalandırılıblar. Bu addım idmançının həmin müddətdə qazandığı nəticənin böyük və kiçikliyindən, yarışın nüfuz və əhəmiyyətindən asılı olmayaraq atılır. Yəni qərar qəbul edilənə qədər idmançının hər hansı yarışda iştirakının heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən də həmin hesabatda qeyd edilən bu və digər iddialar əsassız, qərəzli xarakter daşıyır. Milli olimpiya komitəsinin rəhbərliyi belə bir “təşəkkür” məktubu yazmayıb. MOK-un rəhbərliyinin belə bir məktub yazması mümkünsüzdür və bu cür iddia ilə çıxış edilməsi aşkar qərəzdən başqa bir şey deyildir.