Nəsimi Paşayev: “Qarabağ” – “Çelsi” oyunu ilə bağlı Bakı metrosunda iş gücləndiriləcək

Noyabrın 22-də çempionlar liqasının qrup mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək. Allsport.az saytı xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac.az-a açıqlamasında deyib. Onun sözünə görə, komandamızın oyunu zamanı, sadəcə, “Koroğlu” metro stansiyası deyil, digər stansiyalarda da iş gücləndiriləcək. Həmçinin “Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün bir sıra tədbirlər görüləcək, şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər.

Nəsimi Paşayev əlaxə edib ki, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda, ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq. Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunları zamanı da bu qayda tətbiq edilib.

Həmin kateqoriyadan