- Baxış sayı: 34
- 25 Dekabr 2024 21:53
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Yeniyetmələrin III Yay Olimpiya Oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək. Allsport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalardan gələn təklifə əsasən yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakçı idmançıların sayını artırmaq barədə qərar qəbul edib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü cənab Namiq Əliyev bir müddət öncə qurumun iclasında yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləş idmanı üzrə iştirakçıların sayının artırılması barədə təkliflə çıxış edib. Bu təklif İdarə Heyəti üzvləri və DGB Prezidenti cənab Nenad Laloviç tərəfindən də müsbət qarşılanıb və BOK rəhbərliyi qarşısında bu məsələni qaldırmaq barədə razılıq əldə edilib.
Beləliklə, bir neçə gün öncə keçirilmiş BOK İdarə Heyətinin növbəti iclasında bu məsələ müzakirə edilib və öz məntiqi həllini tapıb. Belə ki, 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarında çəki dərəcələri hər bir növdə 6 çəki olmaqla, 18-ə çatdırılıb. Buna qədər bu say 14 idi. 5 çəkidə sərbəst, 5 çəkidə yunan-Roma, 4 çəki dərəcəsində isə qadın güləşi üzrə yarışlar keçirilirdi.
Bu qərarın qəbulundan sonra Dünya Güləş Birliyinin Prezidenti cənab Nenad Laloviç Azərbaycan Güləş Federasiyasına məktub ünvanlayaraq AGF I vitse-prezidenti, DGB İdarə Heyətinin üzvü cənab Namiq Əliyevi təbrik edib, dünyada güləşin davamlı inkişafı üçün verdiyi təklifə və birgə əməkdaşlığa görə təşəkkür edib.
Yeniyetmələrin Yay Olimpiya Oyunlarının güləş yarışlarında çəki dərəcələrinin sayının artırılmasına münasibət bildirən AGF I vitse-prezidenti cənab Namiq Əliyev artıq bir neçə ildir ki, bu məsələnin müzakirə edildiyini deyib.
“Biz neçə il idi ki, bu təklifi vermişdik və müzakirələr gedirdi. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təklifimiz müsbət dəyərləndirildi və yeniyetmələrin Yay Olimpiya Oyunlarında çəki dərəcələri artırıldı. Bu, Azərbaycan üçün çox yaxşıdır. Bundan sonra daha çox medal qazanmaq imkanımız olacaq”.
Xatırladaq ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Nanjinqdə keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında hər bir ölkə güləş yarışlarında maksimum 5 idmançı ilə (2 sərbəst, 2 yunan-Roma, 1 qadın) təmsil oluna bilirdi. Güləşçilərimiz maksimum sayda lisenziya əldə edərək yeniyetmələrin həm birinci, həm də ikinci Yay Olimpiya Oyunlarında tam heyətlə iştirak edib, Sinqapurda 4 qızıl və 1 gümüş, Nanjinqdə isə 3 qızıl və 2 gümüş medal qazanıb.