- Baxış sayı: 11
- 25 Noyabr 2024 11:53
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“PEN-Klub Azərbaycan”ın vitse-prezidenti Natiq Rəsulzadə idman saytlarından birində qurumun fəaliyyəti ilə bağlı yayılan məlumata münasibət bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“İdman saytlarından birində yer almış yazıda müəllif Çingiz Abdullayevin rəhbəri olduğu “PEN-KLUB Azərbaycan”ı az qala saxta təşkilat kimi qələmə verib. Mən bu yazı ilə tanış olduqdan sonra özümə sual verdim ki, necə olur ki, mən bu illər ərzində mövcud olmayan təşkilatın vitse-prezidenti olmuşam. “PEN-Klub Azərbaycan” təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və 25 ildir fəaliyyət göstərir. Təşkilatın prezidenti Çingiz Abdullayev, vitse prezidenti isə mənəm. Mərhum Vaqif Səmədoğlu da bu qurumun vitse-prezidenti idi. Məhz “PEN-Klub Azərbaycan”nın Rabitə Nazirliyi ilə həyata keçirdiyi unikal proqram sayəsində azərbaycanlı yazıçılar öz əsərlərini bizim saytımızda Azərbaycan və rus dillərində nəşr etməklə pul qazana bilirlər.
3 il öncə “PEN-Klub Azərbaycan” 2 azərbaycanlı yazıçının – Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda həbsdən azad olunmasına nail oldu. İranın rəhbər şəxslərindən biri Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşündə də bu faktı xüsusi qeyd etmişdi. Saxta təşkilat buna nail ola bilərdimi?
Beynəlxalq PEN-Klub-un mövqeyinə gəlincə: “PEN-Klub Azərbaycan” bu təşkilatın filialı deyil və bu qurumun maraqlarını təmsil etmir. Bizim bu qurumla münasibətlərimiz müəyyən mənada gərgindir, çünki bu qurumun bəzi məsələlərdə mövqeyi Azərbaycanın maraqlarına ziddir. Biz Azərbaycana və onun yazıçıları, ziyalılarının maraqlarına xidmət edirik.
Mən jurnalistə informasiyanı təqdim etməyin elementar qaydalarını xatırlatmaq istəyirəm. Bu “araşdırma”nın müəllifi bizim mövqeyimizi öyrənməyə lüzum görməyib. Bu qeyri-peşəkarlıqdır. İstərdik ki, əcnəbi mövqeni böyük məmnuniyyətlə öyrənən jurnalist, şayiələrə münasibətdə daha məsuliyyətli davransın.
Bununla yanaşı mən belə bir təşkilatın və orada fəaliyyət göstərən insanların nüfuzunu “qaralamaq” istəyən azərbaycanlı jurnalisti heç vaxt başa düşə bilmərəm və belə mövqe nümayiş etdirmək ən azı ayıbdır. O, “PEN-Klub Azərbaycan”a qeyri-obyektiv münasibət göstərən İngiltərə PEN-Klubunun bu mövqeyini tənqid etsəydi bu vətənpərvər jurnalistin uğuru olardı”.