Naxçıvan “Darıdağ”ının 2 üzvü yığma komandada bacarığını nümayiş etdirib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yeniyetmələrdən ibarət “Darıdağ” futbol klubunun 2 üzvü 15 yaşadək futbolçulardan ibarət milliyə dəvət olunublar. Allsport.az saytı xəbər verir ki, Aşqin Abazərov və Yaşar Kəngərli 4 gün davam edən və bu gün yekunlaşan təlim-məşq toplanışında bacarıqlarını nümayiş etdiriblər. Hazırlıqda “Qarabağ”ın U-15 komandası ilə yoxlama görüşündə bu futbolçular da oynamaq imkanı qazanıblar.

“Darıdağ” futbol klubunun baş məşqçisi Şəhriyar Məmmədov iki futbolçunun yığmanın təlim-məşq toplanışına çağırılması ilə bağlı deyib: “İki ilə yaxındır fəaliyyət göstərən “Darıdağ” klubunda ilin bütün fəsillərində məşqlər müntəzəm olaraq keçirilir. Muxtar respublikada uşaq futbolunun inkişafına və kütləviliyinə nail olmaq üçün böyük səylə çalışırıq. 15 yaşadək yığmanın düşərgəsinə cəlb olunan iki futbolçu ilə yanaşı, digər iki futbolçumuzla da “Qəbələ” klubu maraqlanır”.

Həmin kateqoriyadan