Naxçıvanda “Beşikdaş” futbol məktəbi

“Beşiktaş” futbol akademiyalarının baş direktoru Ufuq Pak Naxçıvan futbol federasiyasının dəvəti ilə muxtar respublikaya səfər edib. Allsport.az saytı xəbər verir ki, o bu gün federasiyanın inzibati binasında qurumun rəsmiləri və futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Qonaq, rəhbəri olduğu akademiya ilə bağlı qısa məlumat verib. Baş direktor tezliklə bölgədə kütləviliyin artırılması, uşaqların bu idman oyununa cəlb edilməsi məqsədi ilə Naxçıvanda “Beşikdaş” futbol məktəbinin açılacağını bildirib. İlkin olaraq 6-13 yaş qruplarına aid komandalar fəaliyyət göstərəcək.

Bundan başqa, görüş zamanı “Araz-Naxçıvan”ın futbol məktəbi ilə mümkün əməkdaşlıq da müzakirə olunub. Razılığa əsasən, yaxın vaxtlarda Türkiyə təmsilçisinin uşaq futbol komandalarında çalışan məşqçi və təlimçiləri “Araz-Naxçıvan” akademiyasında fəaliyyət göstərən məşqçilər üçün nəzəri və praktik təlimlər keçəcəklər. Məktəbdə, eləcə də açılacaq məktəbdə istedadlı və perspektiv vəd edəcək uşaqlar gələcəkdə seçimlər üçün “Beşikdaş”ın akademiyasına göndəriləcəklər.

Qonaq həmçinin “Beşikdaş”ın futbolçularının imzaladığı oyun formasını NFF-nın prezidenti Zaur Axundova hədiyyə edib. Hədiyyəni görüşdə iştirak edən qurumun baş katibi Raqif Abbasov qəbul edib. Sonra “Beşikdaş” rəsmisi Uzunoba təlim-məşq mərkəzində məşqçilərlə, Naxçıvan muxtar respublika stadionunda isə uşaq futbolçularla və hakimlərlə görüşüb.

Həmin kateqoriyadan