Nazir Neftçala olimpiya idman kompleksinin tikintisi ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir, Neftçala, Ağdaş və Göyçay şəhərlərində olub. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Neftçala rayonunda inşası davam edən olimpiya idman kompleksinin tikintisi ilə tanış olub, müvafiq tövsiyələr verilib.

Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzinin fəaliyyəti və şəraiti ilə tanışlıq olub. Burada “Tariximizi birgə yaşadaq” şüarı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Gənclər kuboku”nu gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan milli avarçəkmə federasiyasının prezidenti Vüqar Əhmədov birlikdə izləyiblər.

Nazir həmçinin Göyçay və Ağdaş olimpiya idman komplekslərinin fəaliyyətləri ilə də tanış olub. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.

Həmin qurğuların problemləri ilə maraqlanan Fərid Qayıbov bu mərkəzlərdə gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, bununla bağlı müvafiq tövsiyələr verib.

Həmin kateqoriyadan