“Neftçi” idman klubu 2025-ci ildə də böyük uğurlara nail olub

Klubun idmançıları ili 1172 medalla başa vurublar

“Neftçi” idman klubunun fəaliyyətində əsas prioritetlərdən biri Azərbaycan idmanının inkişafına davamlı dəstək göstərmək və bu sahəyə töhfə verməkdir. Bu baxımdan, 2025-ci ilin klub üçün yaddaqalan illərdən biri olduğunu söyləyə bilərik. Ötən il ərzində klubumuz neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə mütəmadi yarışlar təşkil etməklə yanaşı, peşəkar idmançıların yetişdirilməsi istiqamətində də uğurlu fəaliyyət göstərib. Yola saldığımız ildə “Neftçi” idman klubu çoxsaylı nailiyyətlər əldə edib. İl ərzində klubun strukturunda fəaliyyət göstərən idman qurğularında 26 idman növü üzrə 117 peşəkar məşqçinin rəhbərliyi altında 2000-dən çox yeniyetmə və gənc, həmçinin yüzlərlə neftçi mütəmadi olaraq idmanla məşğul olub.

Allsport.az saytı neftchi.org-a istinadən xəbər verir ki, 2025-ci ildə klub tərəfindən SOKAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə təmənnasız bədən tərbiyəsi və idman xidmətləri göstərilib. Bu çərçivədə stolüstü tennis, nərd, şahmat, 3×3 basketbol, voleybol, üzgüçülük, kamandan oxatma, minifutbol, çimərlik voleybolu, velosiped, atletika, bilyard və atıcılıq idman növləri üzrə turnirlər təşkil olunub. Sözügedən yarışlarda minə yaxın neftçi iştirak edib. Keçirilmiş bu yarışların nəticələrinə əsasən, SOCAR-ın həmin idman növləri üzrə yığma komandalarının heyəti müəyyən olunub və bu komandalar ilboyu gənclər və idman nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçirilən 18 yarışdan hər birində iştirak ediblər.

Klubun təmsilçiləri bu turnirlərdə uğurla çıxış edərək 14 idman növündə 6-sı qızıl, 10-u gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 26 medal qazanıblar. Sevindirici haldır ki, əməkdaşları ilboyu GİN-in təşkilatçılığı ilə keçirilən bütün turnirlərdə inamla çıxış edən SOKAR, ilin sonunda dövlət qurumları arasında ikinci yeri tutub. 2025-ci ildə böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar qazanılıb. Müxtəlif idman növləri üzrə “Neftçi” İK-in açıq birincilikləri keçirilib ki, bu yarışlarda da yüzlərlə atlet bacarığını nümayiş etdirib.

Klubun yetirmələri VI İslam həmrəyliyi oyunlarında, ölkəmizdə keçirilmiş III MDB oyunlarında, yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda yüksək nəticələr əldə ediblər. Ümumilikdə, idmançılarımız bu yarışlarda 411-i qızıl, 314-ü gümüş, 447-si bürünc olmaqla 1172 medala sahib çıxıblar.

Ötən il “Neftçi” idman klubu üçün təkmübarizlik növləri ilə yanaşı, komanda oyun növləri üzrə də uğurlu olub. “Neftçi”nin basketbolçuları 2024/2025 mövsümündə Azərbaycan çempionatında 2-ci yeri tutub və tarixində ilk dəfə FİBA Avropa kubokunun qrup mərhələsində çıxış edərək, bu mərhələni 9 xalla başa vurub. Futzal komandamız isə ötən mövsüm yüksək liqada bürünc mükafat qazanıb.

Gənclər və idman nazirliyinin ötən ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” adlı tədbirində müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. “Neftçi” idman klubu ilin “Ən yaxşı idman klubu” nominasiyasında ikinci yeri tutub. Klubumuzun təmsilçiləri – Jalə Əliyeva ilin ən yaxşı qadın, Həsrət Cəfərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüblər. Digər idmançımız İsa Rüstəmov isə ilin ən yaxşı idmançıları arasında üçüncü olub. Sevindirici haldır ki, İlin “ən yaxşı paralimpiyaçısı” nominasiyasında hər üç mükafata “Neftçi” İdman Klubunun təmsilçiləri layiq görülüb: İlham Zəkiyev 1-ci, Roman Saley 2-ci, Kamran Zeynalov isə 3-cü yeri tutub.

Həmin kateqoriyadan