LAYİHƏ
«Neftçi» – ilk çempion

Son SSRİ çempionatını 1-ci dəstədə bədbin notlarla bitirən «Neftçi» klubu yeni mövsümə səylə hazırlaşırdı. Baş məşqçi Əhməd Ələsgərov, sözün həqiqi mənasında, komandanın əvvəlki şöhrətini qaytarmaq istəyirdi. Lakin ölkədəki siyasi hadisələr həyatın bütün sahələrinə sirayət etdiyi kimi, futboldan da yan ötmədi.
1991-ci il mövsümündən sonra Baltikyanı ölkələr və Gürcüstanla yanaşı, Ukrayna da öz müstəqil çempionatını keçirəcəyini bəyan etdi. Bir müddət sonra SSRİ-nin dağılması ilə nəticələnən siyasi proseslər MDB adlı təşkilatın yaranmasıyla yekunlaşdı. İttifaqın futbol mətbəxinə rəhbərlik edən Vyaçeslav Koloskov isə MDB çempionatı keçirmək ideyasını ortaya atdı. Orta Asiya, Rusiya və Ermənistanla yanaşı, Azərbaycan da bu çempionatın keçirilməsinə razılıq vermişdi…
Yarış təşkilatçıları «Neftçi»ni güclülər dəstəsinə qoşmuşdular. Artıq püşk atılmış, təqvim də tutulmuşdu. Belə vəziyyətdə «Spartak» oynamaqdan imtina etdi. Komandanın baş məşqçisi Oleq Romantsev bunun səbəbini yeni iqtisadi münasibətlərlə izah etdi, «Spartak»ın Bakı, Düşənbə, Daşkəndə getməsi üçün əlavə xərclərin mənasız olduğunu bildirdi. Bundan sonra digər Moskva klubları da «Spartak»a qoşuldu. Bu bəyanat MDB respublikaları komandalarını çempionatdan qovmağa bərabər idi. Moskva klublarının mövqeyi bəlli olandan sonra Koloskov və ətrafı öz iddialarından əl çəkməyə məcbur oldular.

Yalnız bundan sonra futbolumuza rəhbərlik edən şəxslər müstəqil çempionatın keçirilməsinin vacibliyini başa düşdülər. Qısa müddətdə AFFA yaradıldı, ilk müstəqil milli çempionatın keçirilməsi qərara alındı. SSRİ dağılarkən «Neftçi»nin Moskvadakı bank hesabında olan 2 milyona yaxın rubl, İqor Ponomaryovun İsveçə satışından gələn 1600 dollar vəsait ölkəmizə köçürüləndən sonra, klub onu müharibəyə yardım fonduna verdi.
İttifaq miqyaslı yarışlara hazırlaşan «Neftçi» ölkə birinciliyində oynamalı oldu. Həmin fakt futbolçuların psixologiyasına təsirsiz ötüşmədi. Bəziləri bu durumla barışmayıb komandanı tərk etməyi üstün tutdular. Buna baxmayaraq, «Neftçi» heyətin özəyini qoruya bildi. İlk çempionata 26 komanda buraxıldı. Klublar 2 yarımqrupa bölündülər. İlk mərhələdə onlar ilk altılığı müəyyənləşdirməliydilər, ikinci mərhələdə isə medalların sahibləri müəyyən edilməliydi. Ancaq «Neftçi» yarışa ilk turdan qatıla bilmədi. Buna səbəb isə ilk turdakı rəqib Bakı «İnşaatçı»sının İran səfərində olması idi. Komanda yalnız 3-cü turdan çempionata qoşuldu. «Neftçi» müstəqilliyin birinci görüşündə «Xəzər»i qəbul edirdi. Sumqayıtlıların heyətində komandamızın bir neçə keçmiş oyunçusu da çıxış etdiyindən rəqib çox güclü idi. Oyun gərginliyi ilə seçildi. Bakılılar yalnız sona 3 dəqiqə qalmış Yunis Hüseynovun 11-metrlik cərimə zərbəsində vurduğu qolla qələbə qazandılar. Bir maraqlı məqam isə ondan ibarətdir ki, bu görüşdən sonra «Neftçi»nin futbolçusu Novruz Əzimov könüllü olaraq cəbhəyə yollandı. Hadisələri bir qədər qabaqlayıb qeyd edək ki, «Neftçi» çempion olandan sonra AFFA-nın qərarına əsasən, 1 oyun keçirməsinə baxmayaraq, Novruz Əzimova qızıl medal təqdim edildi.

Bundan sonra ardıcıl 12 oyun bakılılar məğlubiyyətin nə olduğunu bilmədilər. Əyalətlərdə əzəmətinə şübhə olmayan «Neftçi» superkomanda kimi heyrət doğururdu. SSRİ dönəmində uzun illər daxili çempionatda çıxış etmiş klublar indi respublikanın bir nömrəli komandasına qarşı oynamalı idilər. «Neftçi»nin şan-şöhrəti psixoloji cəhətdən həmin rəqibləri əzirdi. Bayraqdar» hətta ardıcıl 9 oyunda öz qapısının toxunulmazlığını da təmin edə bilmişdi. Komandanın qələbə seriyası 13-cü turadək davam etdi. Çempionatda iddiası ilə seçilən «Xəzər» flaqmanla oyuna sanki son döyüş kimi çıxmışdı. Qələbələrdən arxayınlaşan «Neftçi» milli çempionatda ilk yeganə böyük hesablı məğlubiyyətini Sumqayıtda almış oldu. Bu oyunla həm də Yunis Hüseynovun seriyası qırıldı. Ardıcıl 12 oyunda rəqib qapıçıları məyus edən kapitanın bu görüşdə rekordu da qırıldı. Komanda ilk mərhələnin sonuna qədər də məğlubiyyət acısı dadmadı.

İkinci mərhələdə əvvəlki xallar hesaba alındığından «Neftçi»nin üstünlüyü açıq-aşkar idi. Bəlkə də bu üstünlüyün nəticəsindən vəzifəni əvvəldən yerinə yetirən futbolçularımız final mərhələsini bir qədər zəif keçirdi. Gəncədəki və «Qarabağ»la «ev»dəki uğursuzluqlara baxmayaraq, komanda ilk çempionluğunu oktyabrın 24-də Respublika stadionunda rəsmiləşdirdi. Həmin gün «Turan»la qarşılaşan lider ilk «qızıl»ına qovuşdu. Qonaqlar hesabı açsalar da, Samir Ələkbərov 42-ci dəqiqədə qızıl qolu vurdu. O, həm də «Neftçi»nin ölkə çempionatındakı 100-cü qolunun müəllifi idi. Mövsümün sonunda Samir Ələkbərov Azərbaycanın ilk müstəqil çempionatının ən güclü futbolçusu seçildi.
Çempionatda rəqib tanımayan «ağ-qaralar» ölkə kubokunda uğurlu çıxış etmədi. İlk matçda Qaxda «Kürmük»ü minimal hesabla məğlub edən bakılılar, növbəti görüşdə büdrədi. Komanda 1/4 finalda bu yarışın gələcək qalibi «İnşaatçı» (Bakı) səddini keçə bilmədi – 1:2. Kubokda «Neftçi»nin ilk qolunun müəllifi Samir Ələkbərov oldu.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan