“Neftçi” Rusiyada çempion oldu

Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, “Neftçi”nin U-14 komandası final matçında Cənubi Osetiyanın “Barsalan” klubunu məğlub edərək çempion adını qazanıb.

4:1 hesabı ilə başa çatmış oyunda baş məşqçi Eldəniz Məmmədovun yetirmələrindən 2 dəfə Musa Qurbanlı, hərəyə 1 dəfə isə Mübariz Soltanov və Valeh Qəhrəmanlı fərqləniblər.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu Ramin Nəsirli turnirin ən yaxşı müdafiəçisi seçilib. Komandanın heyətində ən çox qol vurmuş futbolçu Musa Qurbanlı olub (13 qol).

Turnirin bütün oyunlarında qələbə qazanmış “Neftçi”nin yeniyetmələri qrup görüşlərində Tacikistanın “Umed” (3:0), Rusiyanın “Puls” (2:1), Moldovanın “Spiru Xaret” (4:1), Rusiyanın “Nadejda” (3:2) və Abxaziyanın “Qudauta” (9:0) klublarına qalib gəlmişdi.

Həmin kateqoriyadan