LAYİHƏ
“Neftçi” yubileyində tarixinin ən qara gününü yaşayır

Paytaxtın «Neftçi» klubu Azərbaycanın ən titullu peşəkər futbol klubudur. Bayraqdar «Qarabağ»la yanaşı, bütün ölkə çempionatlarında iştirak edən 2 komandadan biridir. «Ağ-qaralar»ın daxili yarışlarda rekorda malikdir: 8 dəfə premyer liqanı qazanıb; 6 dəfə ölkə kubokuna və 2 dəfə Azərbaycan superkubokuna sahib çıxıb. Həmçinin, komanda «Birlik kuboku»nun ilk dəfə finalına çıxıb (2005), növbəti il, ilk dəfə baş mükafata yiyələnib. Bu, Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk mükafatdır. 2008-ci il avrokubok mövsümündə 2 raund keçən ilk komanda olub, elə həmin rəqabətdə «İntertoto» tarixin yaddaşına köçüb. Halbuki, «ağ-qaralar» bu yarışın mükafatını muzeyinə götürməyə çox yaxın olub. Evdə 2:1 qalib gələn «Neftçi», səfərdə 0:2 uduzub. Həmin zaman baş məşqçi olmuş Anatoli Demyanenko səfərdə Rumıniyanın «Vasluy» klubu ilə oyunda gürcü legionçu Georgi Adamiyanın qaçırıdığı təkbətək anını həmişə şübhə və təəssüflə xatırlayır.
2011/2012-ci mövsümündə «Neftçi» Avropa liqasının pley-offunda Kipr APOEL-inə 2 oyunun nəticəsinə görə 4:2 hesabı ilə məğlub edərək, qrup mərhələsinə adlayan ilk Azərbaycan klubu olub.
Çempionlar liqasına gəlincə, 2 il ardıcıl mərhələ adlayıb (2005//06), bu nüfuzlu yarışda özünün ilk səfər qələbəsinə nail olub – 2005-ci ildə İslandiyada «Hafnarfyordur»a 2:1 qalib gəlib.

Komanda bu il 80 illik yubileyini qeyd edir. Martın18-də ölkə çempionatının 23-cü turunda «İnter»lə keçirilən matç rəmzi olaraq «Neftçi»nin yarandığı ildə, saat 19:37-də başladı. Sevindicidir ki, flaqman əlamətdar gündə qalib gəldi. Amma ümumilikdə, «ağ-qaralar» tarixinin ən acı səhifəsini yaşayır – hazırda 8 komandanın çıxış etdiyi premyer liqada 5-ci yerdə qərarlaşıb (+8=2-13). Ötən mövsüm 10 kollektivin mübarizə apardıcı çempionatda 6-cı olmuşdu (+13=10-13). Buna qədər flaqmanın ən aşağı nəticəsi 1993/94-cü mövsümü sayılır: 8-ci yer. «Neftçi» Tovuzda «Turan»la səfər oyunundan sonra rəqabətdən çıxdığını elan edib, son 8 matçda oynamayıb, texniki məğlubiyyət alıb (+11=7-12). Onda 16 komandalıq sistem idi. Belədə, buna uğursuzluq saymaq olmaz…
Qayıdım yenə ağrılı məsələyə. Bakılıların davamlı enişi ardıcıl baş məşqçi istefalarına səbəb oldu: Samir Əliyev, Əsgər Abdullayev və Vəli Qasımov komandanı acınacaqlı durumdan çıxa bilmədilər. Əslində, «Neftçi»nin bu günə düşməsinə səbəb müşahidə şurasının çıxardığı yalnış qərar idi. «Ağ-qaralar»ı dalbadal 3 il çempion etmiş sabiq prezident Sadıq Sadıqovun qoyduğu sistem sonra gələn Çingiz Abdullayevin xoşuna gəlmədi. İcra orqanında dəyişiklik heyətə keçdi, özü də köklü surətdə. Əsas üzvünün arxa xətt futbolçuları – Elvin Yuniszadə, Denis Silva, Karlos Kordozo, dayaq yarımmüdafiəçi Mirhüseyn Seyidov, o cümlədən qapıçı Saşa Stanmenkoviç komandadan göndərildi. Oyun qurucusu Flavinyoya da qapı göstərildi. Nə var-nə var, keçmiş prezidentin sevimlisi idi.

Azərbaycan təmsilində yaxşı bir məsəl var: «Şir özü öldürdüyü canavara baxıb, qənimət ayrılmasında tülküdən soruşur. – Bu ədalətli bölgünü kimdən öyrəndin? Tülkü cavabında: – O gözü çıxmış qardaşdan». Səriştəsiz addım «Neftçi»yə  baha başa gəldi. 2008-2010-cu illərdə klubun prezidenti olmuş Əkbər Hacıyevin dövründə faciədən dərs götürülmədi. Həmin zaman qruplaşma ittihamı ilə əsas heyətin xeyli üzvü komandadan uzaqlaşdırıldı. Nəticədə, almaniyalı Hans-Yurgen Gedenin ixtiyarında gənc futbolçular qaldı, «ağ-qaralar» gedən-gələnə uduzdu və sonda 13 rəqibi arasında çempionatda 8-ci yeri tutdu (+9=9-8). İndi də belə oldu. Amma aşağı yer tutmaq bir kənara, «Neftçi» müstəqillik dövrundə ən acı məğlubiyyətini yaşadı. Cari mövsümdə 10 sentyabr tarixi bakılıları yaddaşında qara gün kimi qalacaq. Bayraqdar 4-cü tur çərçivəsində doğma şəhərində «Qəbələ»yə 0:8 hesabı ilə uduzdu. Bunadək çempionat tarixində ən böyük hesablı yenilgini 2007-08-ci mövsümdə ona doğma olan idman qurğusunda, dünya şöhrətli hakim Tofiq Bəhramovun adını daşıyan stadionda «Bakı»dan almışdı (1:5).
«Xalq komandası» növbəti faciədən sonra islahata əl atdı. Millinin məşqçisi Elxan Abdullayev «Neftçi»nin sükanı başına keçdi. Qış fasiləsində heyətdə ciddi dəyişikldik oldu, kluba xeyli legionçu dəvət olundu. Bundan sonra «ağ-qaralar» yarış cədvəlində axırdan 2-ci yerdən yavaş-yavaş yuxarı irəliləməyə başladı. Premyer liqanın öncülü «Qarabağ»la 1:1 heç-heçə edən flaqman, sonra çempionluğa iddialı «Qəbələ» və «İnter»ə də badalaq vurdu. Burda dəqiq məşqçi əməyinin nə dərəcədə olduğuna söyləmək olmaz. Çünki komanda qışda çox gücləndi. Düşünürəm ki, istefaya göndərilmiş digər yerli mütəxəssislərə də belə şans yaradılsaydı, onlar da öz sözünü deyə bilərdilər.

Azərbaycanda tarixi ənənələri olan «Neftçi»nin üzərinə, bu mənada, həmişə böyük yük düşür. Hər dəfə ilkdən, uğurdan söz düşəndə ilk növbədə onun adı çəkilir. Üstəlik, «ağ-qaralar» müstəqillik tarixində Azərbaycan futbolunun səviyyəsinə görə xüsusi uğur payına sahibdir. Digər yandan, avroliqa sevinci tək zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla inkişaf səviyyəsinin göstəricisidir.
Uğurları qazanmaq nə qədər çətindirsə, onu qorumaq və daha irəli getmək ondan da mürəkkəb işdir. Çünki hər bir müvəffəqiyyət özündə uğursuzluq toxumu gizlədir. Geri qalmamaq, sürətli inkişaf üçün vahid ailə fəaliyyətini davam etdirib, verilən qərarların obyektiv reallığını görmək, məqsədyönlü çalışmaq lazımdır.
Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların imtahan məqamı isə çempionatın sonunda qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, ölkə kuboku deyəcək. Demək, hələ gözləmək lazımdır.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmin kateqoriyadan