- Baxış sayı: 22
- 26 Noyabr 2024 15:13
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
“Biz bildirmək istəyirik ki, sizi aldadırlar. Klubumuza qarşı kampaniyalar hələ ötən ildən başlamışdı. Müşahidə şurası yaradılan kimi vəzifəli adamların qohum və tanışları, uşaq futboluna “tanışlıq”la qəbul edilmiş şəxslər klubdan uzaqlaşdırıldı. Qərar verildi ki, klubun bütün xərcləri tam şəffaf şəkildə yoxlansın və bu prosesi müstəqil olan audit şirkəti həyata keçirdi”. Allsport.az saytı xəbər verir ki, bu ifadə “Neftçi” rəsmisi Bəhram Bağırzadənin “Facebook” səhifəsində qoyulmuş yazıda yer alıb. “Neftçi” klubunun Müşahidə Şurasının üzvləri Bəhram Bağırzadə və Mehdi Nəcəfov bəyanat yayıblar. Bəyanatda deyilir:
“Buna qədər “Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başladılar. Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə “Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Bunun müqabilində klub samballı saytlarla əməkdaşlıq etməyə başladı. Biz əvvəlki məşqçilər – Samir Əliyev və Əsgər Abdullayevi müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi. Hər iki məşqçi bu təzyiqə davam gətirməyərək, öz xahişləri ilə tutduqları vəzifədən ayrıldılar. Bu məşqçilər indi də ölkəmizdədirlər və əgər ehtiyac olarsa, onlar hansı təzyiq altında işlədikləri barədə və qarşılaşdıqları çətinliklər haqqında danışa bilərlər. Bundan başqa azarkeş toplumunu təmsil edən bəzi şəxslər bizə xəyanət etdi. Klubdan böyük maliyyə dəstəyi alan bu sıravi azarkeşləri də aldatdılar. Azarkeş toplumunu inkişaf etdirmək məqsədi ilə klubdan pul alan şəxslər komandaya qarşı məqsədli etirazlar və çıxışlar təşkil etdi. Əgər ehtiyac olarsa biz bu şəxslərin adlarını siyahı şəklində açıqlaya bilərik”.
“Neftçi” rəsmilərinin yaydıqları bəyanatda bu fikirlər də yer alıb: “Biz sizə həqiqət yazırıq! Bu məğlubiyyətdən sonra hamımız hisslərimizlə davranırıq. Amma məhz “Qəbələ” klubuna qarşı ötən mövsümün may ayında 3 oyun keçirdik və bu qarşılaşmaların heç birində məğlub olmayaraq ölkə kubokunun finalına çıxdıq. Həmin oyunları yada salın və son matçla müqayisə edin. İlyarım ərzində “Neftçi” iki dəfə Azərbaycan kubokunun finalına yüksəldi və həlledici oyunlarda “Qarabağ”a (son final matçının 120-ci dəqiqəsində) məğlub oldu. Bizim nəticələrimizə diqqət yetirin. Əgər “Neftçi”də hər şey belə pisdirsə necə olur ki, əvəzedici komandamız ölkə çempionatında ilk pillədə qərarlaşıb. Necə olur ki, bizim yeniyetmə və uşaq komandalarımız müxtəlif yaş qrupları üzrə çempion olur və mükafatlara yiyələnirlər”.
Bəyanat müəllifləri əminliklə bildiriblər ki, mövcud vəziyyətdən çıxacaqlar: “Əsas komanda “ağır yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insanlar istəyir ki, bahalı legionerlər cəlb edib onlara və agentlərinə pul qazandırsınlar. Bir çoxları bu klubun puluna göz dikib yenidən ona əl uzatmağa çalışırlar. Bütün məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq. Biz “Neftçi”ni yüksəldib Çempion edəcəyik! Biz bu komandanı sizdən az sevmirik amma bu yoldan da dönməyəcəyik. Sadəcə səbr edin və inanın ki, biz doğma “Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın. Biabırçı oyunlar və bu kimi nəticələr təkrarlana bilər.
Fikir verin, komanda uduzan kimi “Neftçi” üçün “narahat” olan bəzi keçmiş futbolçular hərəkətə keçərək rəhbərliyin istefasını tələb etdilər. Oxşar nümunə dünyanın heç bir yerində yoxdur. Bu sifarişli tələblər və yazılardır. Bizim klubun tarixində ağır günlər olub. “Ararat” klubuna 1:6 və Polşa təmsilçisinə iki oyunun nəticəsinə görə 0:10 hesablı məğlubiyyətləri misal göstərmək olar. Amma bu nəticələrdən sonra da “Neftçi” ayağa qalxaraq çempionluq üçün oynadı. Həmişə belə olub və olacaq. Müsəlman dünyasında günahsız insanı təqsirləndirmək böyük günah sayılır. Bizi əbəs yerə günahlandıranlar başa düşməlidir ki, dedikləri sözlərə görə allahın qəzəbinə tuş gələ bilərlər”.
“Neftçi” rəsmiləri sonda istefa məsələsinə də toxunublar: “Getməyimiz sevimli klubumuza xeyir verəcəksə, biz getməyə hazırıq. Amma bu klubu futbol işbazlarına və transferlərdən pul qazanmaq istəyənlərin ümidinə qoymayacağıq. Hər birimiz bütün xərclərin tam şəffaf olmasına ləyaqətimiz və adımızla cavabdehik. Biz sevimli komandamız üçün əlimizdən gələn hər şeyi edəcəyik”.