“Neftçi”də işbilməzlərin sonu yaxınlaşır
30 sentyabr 2017 / 21:59 Baxış sayı: 780 Qələbənin atası çoxdu, məğlubiyyət yetimdir. Allsport.az saytının məlumatına görə, elə buna görədir ki, məğlubiyyətlərdən sonra yiyəsiz qalan, dəstək görməyən “Neftçi” futbolçularının qələbəsinə dünən şərik çıxanlar çox idi.
Son vaxtlar “Neftçi” ümumiyyətlə, ortada qalmışdı. Klub rəhbərliyi çətin anlarda futbolçulara arxa durmur, onların problemləri ilə maraqlanmırdı. Paltardəyişmə otağında futbolçularla yalnız məşqçilər baş-başa qalırdı. Amma ilk qələbə qazanılan kimi prezident Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov “mən də varam” demək istədi. Onlar paltardəyişmə otağına enib, futbolçularla görüşdü, qələbəyə şərik oldular. Halbuki ötən tur Hüseynzadə Qəbələyə getməmiş, Eyvazov isə matç bitən kimi başındakı dəstə ilə stadionu tərk etmişdi.
Bu uğur həmin futbolçulara ilk dəfə normal futbol oynadan Tərlan Əhmədovun idi. Bacarıqsız insanlara milyonluq heyət etibar edib, məğlubiyyətləri sıralayan rəhbərlik, dünənki qələbədən sonra utanıb yerə girməli idi. Çünki bu uğuru boş yerə vaxt və dəstək verdikləri Elxan Abdullayev yox, 2 həftədi komandaya gətirilən Tərlan Əhmədov qazandı. O Tərlan ki, gəlişini Orxan Hüseynzadə qətiyyən istəmirdi.
Bəlkə də “İnter” üzərində qələbəni Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin hesabına da yazmaq olar. Zarafat deyil, Əhmədov birbaşa onun kadrıdı, məhz bu dəyişiklikdən sonra komanda normal futbol oynamağa başlayıb. Elə təkcə bu təyinat Hüseynzadənin necə bacarıqsız, top oyununda sıravi, təcrübəsiz olduğunu göstərir. Dost-tanışa güvənən, tapşırıqla işçi götürən prezident kadr seçimi ilə bağlı əla dərs aldı. “Neftçi”dəki son dəyişikliklər göstərdi ki, işi bacarana tapşırmaq lazımdı.
Tərlan Əhmədovun qarşıdakı günlərdə komandanı daha da yaxşı vəziyyətə gətirəcəyinə şübhə yoxdu. “Neftçi”nin uğurları isə indiki rəhbərliyin qovulmasını sürətləndirəcək. Təsisçilər, sponsorlar ayılıb və işbilməzlərə etmad limiti tükənib. Tezliklə Orxan bəy də yola salınacaq və yeni rəhbərlik gələcək.
Hətta PFL-i atıb “Neftçi”yə gəlməyə can atan Ramin Musayev?
Uğurlara rəğmən, incik yola salınan Sadıq Sadıqov?
Oların ikisinin də məsləhət bildiyi hər hansı üçüncü şəxs?
Kim olur-olsun, artıq “qaquliklər”in bacarıqsızlığı ifşa olunub və əl dəyişən “Neftçi” rəhbərliyində Elşad Nəsirov klanından kimsə olmayacaq, Elxan Məmmədovu klubun işlərinə qarışmağa qoymayacaqlar, kluba daha ağıllı rəhbərlik gələcək. Tərlan Əhmədovla başlayan yeni era həm də “Neftçi”nin təmizlənməsinə səbəb olacaq.
Çingiz Abdullayev “İnter”lə oyuna təşrif buyurmuşdu. Amma onu da “vurulmuşlar” siyahısına sala bilərik. Reallıqda mövcud olmayan müşahidə şurasının sədri hətta futbolçuları təbrik etməyi də özünə rəva bilmədi. O, hərdənbir görünməkdə aylıq maaşının kəsilməməsinə cəhd edir. Şuranın digər üzvlərinin konvertləri çoxdan ləğv edilib, Abdullayev isə “yuxarılar”da səs-küy saldığı üçün hələ də klubdan qidalanır. Yeni rəhbərlik gələn kimi onu da yola salacaq, şura sistemini birdəfəlik ləğv edəcəklər (futbolinfo.az).
Y.S. 2-ci Cahan savaşında Mehdi Hüseynzadə şəhid oldu, amma qəhrəmancasına.