“Neftçi”nin kapitanı: “Yutubda qarşıma çıxan bütün türk seriallarına baxıram”

“Futbol həyatımdakı ən böyük arzum top-ölkələrdən birinin çempionatında oynamaqdır. Amma etiraf edək ki, yaş ötdükcə bu arzu, istək məndən məndən bir qədər də uzaqlaşır”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov karyerası ilə bağlı danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, heç nə üçün gec olmasa da, reallığı qəbul etmək lazımdır: “Çox çətindir. Bir qədər də açıq danışsaq, futbolla əlaqədar elə də çox xəyal qurmuram. Sadəcə, “Spartak”dan tez getdiyimə təəssüflənirəm. Bir az da qala bilərdim. Həyatda isə əsas arzularımdan biri Həcc ziyarətinə getməkdir”.

Təcrübəli oyunçu daha çox ailəsi ilə vaxt keçirdiyini söyləyib: “Ümumiyyətlə, ailəcanlıyam. Məşqə gedirəm, məşqdən qayıtdıqdan sonra uşaqlarımla ya oyunlar oynayırıq, ya da gəzintiyə çıxırıq. Bəzi günlər dostlarımla görüşürəm. Qalan boş vaxtımı isə kitab oxuyuram və seriallara baxıram. Müxtəlif kitablara üstünlük verirəm. Rus yazıçıları Fyodor Dostayevski və Mixail Bulqakov ilə yanaşı, Azərbaycan bədii ədəbiyyatını da çox sevirəm. Ən çox oxuduğum Mirzə Fətəli Axundov və Hüseyn Caviddir. Azərbaycan dilində bədii ədəbiyyat oxumaq həmçinin doğma dilimi inkişaf etdirməyə kömək edib. Düzdür, əvvəllər Hüseyn Cavidi oxumaq mənə çətin gəlirdi, amma son illər özümdə inkişaf hiss edirəm”.

Mahmudov türk seriallarına baxmağı xoşladığını etriaf edib: “Yutubda qarşıma çıxan bütün türk seriallarını izləyirəm. Məsələn, “Çuxur”, “Quzğun”, “Bir zamanlar Çuxurova”, “Qırmızı otaq” və s. Məncə, bu qədər yetər”.

Həmin kateqoriyadan