LAYİHƏ
“Neftçi”nin uşaq futbolunda rolu

Hər bir millətin sağlam gələcəyi baxımından idman çox vacibdir. Gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması, ilk növbədə, onları arzuolunmaz yollardan çəkindirmək üçün ən gözəl vasitədir. Azərbaycanda əhalinin kütləvi bədən tərbiyəsi ilə məşğulluğu ciddi diqqət mərkəzindədir.
Ümummilli lider Heydər Əliyevin xalqın fiziki sağlamlığı üçün bədən tərbiyəsinə həmişə xüsusi qayğı göstərdiyi heç kimə sirr deyil. Azərbaycana rəhbərlik etdiyi illərdə o, respublikada idmanın, bədən tərbiyəsinin kütləviliyini də öz çıxışlarında dəfələrlə ön plana çəkərək demişdir: “Biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik, bu, Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün, təbiidir ki, lazımi imkanlar da yaratmalıyıq, lazımi şərait də yaratmalıyıq”.

Ölkəmizdə bədən tərbiyəsinə göstərilən böyük qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq, iki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub. Ölkə başçısının ilk oyunlarda irəli sürdüyü “Qoy güclü qalib gəlsin!” arzu-şüarı çox keçmədən bütün yarışlarımızın əsas şüarına çevrilib. Dövlətimizin idman siyasətini daim diqqət mərkəzində saxlayan “Neftçi” klubu təkcə paytaxtda deyil, xeyli vaxtdır regionlarda da yeniyetmə futbolçuların püxtələşərək, tələb olunan səviyyəyə çatdırılması istiqamətində ciddi iş aparır; seleksiyaçı məşqçilər aşığı yaş qrupları üzrə mərhələli respublika turnirlərini izləyir, futbolçuları təlim-məşq toplanışlarına cəlb edilir, onların daim bir yerdə məskunlaşması üçün yollar axtarılır.

Sovetlər dönəmində ölkənin aparıcı klubu “Neftçi” olduğundan, valideynlər futbol məşğələlərinə övladlarını əsasən bu komandaya yazdırırdılar. O zaman Bakının rusdilli əhalisi də “ağ-qaralar”a rəğbət bəsləyirdi. Bayraqdar əbəs yerə “xalq komandası” adlanmırdı. SSRİ-də mövcud rejim həmişə fəhlə və kəndli sinfini önə çəkdiyindən, “neftçi” adı hər yerdə çox hörmətlə qarşılanırdı.
1955-ci ildə Moskva “Dinamo”sunun heyətində məşhur “San Siro” stadionunda İtaliyanın “Milan” klubuna 4 qol vuran Ələkbər Məmmədov “Neftçi”nin yetirməsidir. Bu komandada adını qızıl hərflərlə yazdırmış, karyerasının sonunadək “ağ-qaralar”a sadiq qalan Anatoli Banişevski Bakı “Lokomotiv”inin yetirməsi olsa da, flaqmanda tanınıb və uğur qazanıb. SSRİ çempionu və kubokunun sahibi Eduard Markarov, keçmiş ittifaqda Güclülər dəstəsinin qalibi, UEFA kuboku və superkubokunun sahibi Vitali Şevçenko da “Neftçi”də parlayıb və Bakıdan digər məşhur sovet klublarına keçiblər. SSRİ çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşənlər –  Kazbek Tuayev, Aleksandr Jidkov və Maşallah Əhmədov, eləcə də yeniyetmələrdən ibarət sovet millisi ilə dünya birinciliyinin qızıd medalçısı Vlaçeslav Lemiş, U-21 ilə qitə çempionu olan Tərlan Əhmədov “ağ-qaralar”la tanınıblar.
“Bürünc-66”nın üzvü, Vladimir Bruxti, Nikolay Smolnikov, olimpiya İqor Ponomaryov, sovet yığmasının tərkibində yeniyetmələrin dünya birinciliyini qazanan Arif Əsədovla Vladislav Qədirov “Neftçi”nin yetirməsi sayılırlar.

80-ci illərin sonu çıxış edən Vəli Qasımov, Nazim Süleymanov, Yunis Hüseynov, Samir Ələkbərov, Vidadi Rzayev, Əsgər Abdullayev, Dmitri Kramarenko, Rasim Abuşov, Emin Ağayev, Şakir Qəribov və digər tanınmış futbolçuların əksəri müstəqiliyimizin ilk illərində doğma komandalarına kömək etdilər, onlardan bəziləri hələ xeyli müddət “ağ-qaralar”da oynadılar, milli komandada forma geyindilər. 90-cı illərin sonunda Əhməd Ələsgərovun qurduğu heyət gözəl futbol nümayiş etdirdi, 4-4-2 sistemini ustalıqla yerinə yetirdi. O dövrdə azarkeşlər keçmişə qayıdaraq, baxımlı futbol görməyə başladılar. Bu oyunçular yığmaya da xeyli fayda verdilər. Zaur Tağızadə, Samir Əliyev, Kamaq Quliyev, Vadim Vasilyev, Bəxtiyar Musayev, İlham Yədullayev, Ədaim Niftəliyev və başqaları “Neftçi” ilə futbolumuza yeni ruh gətirdilər.

Müasir dövrdə də bayraqdar oyunçu yetişdirməkdə davam edir: Ruslan Abışov, Namiq Ələsgərov, Fəhmin Muradbəyli, Sənan Əlizadə, Məqsəd İsayev, Maksim Vaylo, Rahil Məmmədov, Pilağa Mehdiyev, Bahadur Həziyev, İbrahim Əliyev, Kamran İbrahimov və Rəhman Daşdəmirov millinin müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edirlər. Cari mövsümdə “Neftçi”ni “Qəbələ”yə dəyişən Araz Abdullayev də flaqmanda formalaşıb. Üstəlik, “ağ-qaralar”ın bütün yaş qrupu üzrə liqalarındanda komandaları var. Klub premyer liqanın əvəzedicilirində daim yüksək yer uğrunda mübarizə aparır.

Hazırda “Neftçi”də uşaq komandalarının yetərincə ciddi problemləri var. Bazada yalnız əsas komandanın hazırlığı üçün şərait yaradılıb. Bakıxanovda yerləşən “İsmət Qayıbov adına stadion”un yerində inşa edilən təlim-məşq qurğusunda işlər yekunlaşmayıb. Belədə, “ağ-qaralar”ın azyaşlıları hər dəfə məşq üçün şəhərin mərkəzindən Mərdəkandakı “Dalğa Arena”ya qədər uzaq məsafəni qət etməyə məcburdurlar. Bu isə, yetərincə ciddi zaman və enerji itkisinə səbəb olur, məşqlərin effektini əhəmiyyətli dərəcədə azaldır. Keçmiş SSRİ-də klubun adına paytaxtda xeyli bazası vardı. İndi həmin məkanlar digər təşkilatların nəzdindədir. Bu il 80 yaşını qeyd edək köklu klubun normal infrastrukturunun olmaması ölkə futbolu adına mənfi haldır.
Söz yox ki, həyat davam edir və onun öz tələbləri var. Vəzifələri, məqsədləri və hədəflər isə bəllidir. Ən vacibi, bütün bunlarla “Neftçi”, sadəcə, dünya arenasında təkcə öz mövqeyini möhkəmləndirmir, eyni zamanda, tarixi keçmişinin həqiqətlərini bərpa edir, qədim və zəngin adət-ənənələr məktəbinə söykənən bayraqdarlığını bir daha nümayiş etdirməyə çalışır.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmin kateqoriyadan