Nigar Arpadarai: Əcnəbi azarkeşlərin sorğusunda Azərbaycan qran-prisi 1-yer tutub

Əbu Dabidə formula1 dünya çempionatının sonuncu – 20-ci mərhələsi başa çatdı. Allsport.az saytı xəbər verir ki, gərgin rəqabətdə «Mersedes»in sürücüləri Valtteri Bottas və Lüis Həmilton müvafiq olaraq ilk 2, «Ferrari» komandasının üzvü Sebastyan Fettel 3-cü yerləri tutdular. Mükafat yarışından sonra Bakı Şəhər Halqasının əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yolda bu səfərə ezam olunan jurnalistlərə müsahibə verdi. Onun sözünə görə, Əbu Dabi qran-prisi nə qədər gözəl keçsə də, müəyyən məsələlərdə Azərbaycanda təşkil olunan eyni tədbirdən geri qalır:

«Bu mövsüm formula1 üzrə dünya çempionatı çox maraqlı oldu. Nəyə görə maraqlı oldu? Rəhbərlik «Liberty Media»ya keçəndən sonra yarışlarda müəyyən dəyişikliklər gördük. Bir təşkilatçı olaraq deyə bilərəm ki, elə şeylər var əvvəl, eləsi var indi daha yaxşı idi. Bizim yeni rəhbərliklə münasibətimiz çox yaxşıdır. Bunu bizim yarışdan sonra xüsusilə hiss elədik. Bakı Şəhər Halqasına indi işləmək daha rahatdır. Yeni rəhbərlik «online» təbliğata çox üstünlük verir. Formula1-in səhifəsinin özü də fəaldır. Pilotlara icazə verilir ki, özləri səhifələrini aktiv təbliğ etsinlər. Yeni rəhbərliyin komandası Bakı və gördüyümüz işlərlə tanış olandan sonra, buradan yüksək fikirlərlə ayrıldılar. Ancaq onu da unutmamalıyıq ki, f1-in bu qədər maraqlı olması əvvəlki rəhbərliyin işinin nəticəsidir. Onun komandasının bacarığı durum bu səviyyəyə çatıb».

Nigar xanım Bakıda təşkil olunan bu yarışın əhəmiyyətindən də danışdı. Düzgün olaraq qeyd etdi ki, formula1 ötüşmələrindən sonra ölkəmiz, paytaxtımız daha çox tanınmağa başlayıb: «Azərbaycan üçün bu yarışların önəmi hədsiz dərəcədə çox idi. Çünki yarışların həm idman, həm də əyləncə tərəfi o qədər maraqlı keçdi ki, bura gələn hər kəs çox razı qaldı və bu işdə bacarığımıza inanmayanların fikri tamamən dəyişdi. Biz Əbu Dabi qran-prisi zamanı beynəlxalq mətbuatın nümayəndələri ilə görüşdük. Onlar Azərbaycan haqda çox yüksək fikir söyləyərək qeyd etdilər ki, Almaniya, İsveçrə, Niderland və digər ölkələrindən olan fanatlar öz arasında səsvermə keçiriblər. Nəticədə, Azərbaycan qran-prisi haqlı olaraq birinci yerə çıxıb. Çünki Bakıda maraq həddər artıq idi: pilotlar arasında gərginlikdən baş verən qəzalar, gözlənilməyən halda «Red Bulldan» Daniel Rikkardonun 1-ci olması və «Uillyams» komandasının sürücüsü Ləns Stroll karyerasında ilk dəfə məhs Bakıda fəxri kürsüyə çıxması, ötmələrin sayının çoxluğu və digər amillər.

F1-in dünyada 500 milyon izləyicisi var. Bu çox böyük aiditoriyadır. Artıq 2 yarış keçirmişik. Meksika, ABŞ, BƏƏ və digər ölkələrdə olarkən Azərbaycan haqqında çox gözəl fikirlər səsləndirdilər. Ölkənin tanıdılması baxımından f1 yarışı Azərbaycana çox xeyir verib. 2017-ci ildə bilet satışından göründü ki, ikinci il ölkəmizə 2 dəfə çox xarici vətəndaşlar gəldilər. Bizim hər ilin əvvəli hədəflərimiz olur. 2017-ci ildə gözlədiyimizdən artıq irəliləyişə nail olmuşuq. Hazırda saytımıza bilet alışı üçün ən çox İngiltərədən girilir. Rusiya isə həmişə kimi birinci yerdədir. Ötən yarış zamanı biz xaricilər arasında sorğu keçirdik. Onların 95 faizi bildirdilər ki, burada olduqlarına görə çox sevinirlər və yenidən Azərbaycana gəlmək istəyirlər. Biz standartları çox yüksək qoymuşuq.
2016-cı ildə keçirilən yarışda 5 min könüllü vardı. 2017-ci ildəki yarışda onların sayı 3 min oldu. 2018-ci ildə də eyni rəqəm olacaq, amma bu dəfə seçimdə ingilis dilini bilmək mütləq şərtdir. Könüllülər üçün tamamilə başqa, peşəkar təlimlər keçiriləcək. Xarici dildə danışıq, ünsiyyət qurmaq, liderlik bacarığı öyrədiləcək. Onların içindəndən daha fəaları seçiləcək. Onu da qeyd edim ki, biz daha aktiv olan könüllüləri işə də dəvət edirik və başqa qran-prilərə ezam edirik».

Xanım həmkarımız gələn il keçiriləcək Azərbaycan qran-prisinə hazırlıq barədə də məlumat verdi. Bildirdi ki, növbəti yarış nisbətən erkən keçiriləcəyindən, qrafikdə çıxlıq var: «Yarışın vaxtının aprel ayına dəyişilməsi iş regimimizi dəyişiləməsi ilə nəticələnib. İndi iş qrafikimiz daha sıxdır. Planlanmaya vaxtımız isə azdır. Biz əməliyyat prosesinə keçmişik. Ardıcıl tədbirlərimiz təşkil edilir. Biletlərdə endirim kampaniyasına başlamışıq, sərgilərdə iştirak edirik, müxtəlif tədbirlər həyata keçiririk. Onu da qeyd edim ki, «Red Bull»un pilotu Daniel Rikkardo Bakıya səfər edəcək, media üçün təlimlər təşkil ediləcək. Tikinti baxımından işimiz ildən ilə azaldğı üçün heç bir çətinlik yoxdur. Pit binası sökülməyib, əsas qurğularımız mövcuddur. Yanvar ayından digərlərinin quraşdırılmasına başlanılacaq. Əyləncə zonasında dəyişikliklər olacaq. Payızın yağışlı keçməsininəzərə alaraq, hansısa hissədə müəyyən örtüklər quraşdırıla bilər. Ola bilsin, bu dəfə konsert açıq havada olmamasın. Komandamız təcrübəli olduğu üçün, bütün bunları normal qarşılayır. İşimizi bundan sonra da yüksək səviyyədə həyata keçirməyə çalışacağıq».

Kamran HACI

 

Həmin kateqoriyadan