- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Halqası əməliyyat şirkəti bu ilin yayında, 23-25 iyun tarixlərində, Bakıda 2-ci dəfə keçiriləcək formula-1 Azərbaycan qran-prisi üçün yerli KİV-in medianın qeydiyyatını elan edib. Allsport.az saytı xəbər verir ki, akkreditə barəsində ətraflı məlumat vermək məqsədilə əməliyyat şirkəti fevralın 20-də, “Hilton Baku” mehmanxanasında media nümayəndələri ilə görüş keçirib. Görüşdə jurnalistlərə Azərbaycanda növbəti səfər baş tutacaq formula-1 yarışına akkreditasiyaya dair onlayn portal və media bələdçisi təqdim olunub, qeydiyyat prosesi ilə bağlı iştirakçıları maraqlandıran bütün suallara aydınlıq gətirilib.
Məlumata görə, Azərbaycan qran-prisi daxil olmaqla bütövlükdə 2017-ci il FIA dünya çempionatının hər bir yarışı üçün medianın akkreditasiyası prosesi Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur və müraciət edən Kütləvi İnformasiya Vasitələrinin (KİV) növündən asılı olaraq üç şəkildə həyata keçirilir:
* BŞH vasitəsilə onlayn akkreditasiya: Yalnız Formula 1 Azərbaycan Qran Prisinə media akkreditasiyası almaq istəyən yerli KİV-ə: qəzet, jurnal, televiziya, radio, xəbər agentlikləri və vebsayt əməkdaşlarına şamil olunur.
* FIA-nın rəsmi vebsaytı vasitəsilə onlayn akkreditasiya: Bu, 2017-ci il FIA Formula 1 Dünya Çempionatının digər yarışlarına qeydiyyat üçün müraciət edən bütün yerli və beynəlxalq KİV-ə, o cümlədən qəzet, jurnal, xəbər agentlikləri və vebsayt əməkdaşlarına şamil olunur.
* Hər hansı bir kütləvi informasiya vasitəsini təmsil etməyən fotoqraflar bir qayda olaraq yarışın kommersiya hüquqlarına nəzarət edən quruma – FOM-a müraciət etməlidirlər. Bunun üçün gərəkli olan məlumatlar BŞH akkreditasiya veb səhifəsində ətraflı göstərilmişdir.
Qeyd edək ki, yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH vasitəçiliyi ilə həyata keçiriləcək. Akkreditasiya prosesi martın 31-i, saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər https://www.bakucitycircuit.com/az/media/media-accreditation keçidi vasitəsilə BŞH rəsmi veb səhifəsində olan formanı dolduraraq onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Hörmətli media nümayəndələri! Sizi tezliklə qeydiyyatdan keçərək Bakıda ikinci dəfə baş tutacaq formula-1 Azərbaycan qran-prisində iştirak etməyə dəvət edirik. Akkreditasiya ilə əlaqədar sizi maraqlandıran sualları accreditation@bakugp.az e-mail adresinə göndərə və ya +99412 404 13 83 nömrəsinə zəng edərək bizə bildirə bilərsiniz.