- Baxış sayı: 100
- 29 Mart 2026 10:48
- Baxış sayı: 227
- Mart 30, 2026
- 0

Azərbaycan güləş federasiyasının yeni baş katibi Pərvin Piriyevin diqqət yetirdiyi sahədən biri də hakimlikdir. Onun gəlişindən sonra mübahisə doğuran məqamlara yarışdan sonra görüntü izahlar verilir. Ola bilər, bəzi şübhəli anlar bu açıqlamalarda öz əksini tapmasın; amma, ümumilikdə, şəffaflıq, təqdirəlayiqdir. 34 yaşlı idman adamının vurğuladığı kimi, ilk gündən əsas məqsəd mümkün olan dürüstlüyü və ədaləti təmin etmək, qərəzli yanaşmaların və maraqların toqquşmasının qarşısını almaq, şəxsi tələbəsi olmayan hakimlərin cəlbinə üstünlük verməkdir. Növbəti mərhələdə isə hədəf referilərin milli səviyyədə dərəcələşməsi, beynəlxalq yarışlara göndərişin nizamlanması, eləcə də milli tağımların qaydalarla bağlı mütəmadi şəkildə təlimləndirilməsidir.
Pərvin Piriyev ilə bu sahədə nizam-intizamı da bərpa edilib. Son dövrdə orada bir dəstə hakim bazar yaratmışdı. Kamran Əliyev ilə Həbib Nurulu İ-S, Xəzər Allahverdiyev 1-ci dərəcə kateqoriyası üçün imtahandan keçməyiblər. Allsport.az saytına daxil olan bilgiyə görə, onlar tapşırıldığını desələr də, sonda istəkləri baş tutmayıb. Buna federasiya tərəfindən külli miqdarda vəsait xərcləndiyini deyən baş katib, haqlı olaraq bu il heç kimin dərəcə yüksəlməsinə ezam edilməyəcəyini söyləyib. Zaur Şərifovun da kateqoriyasının düşmə təhlükəsi vardı. O, taleyini özü həll edib – Pərvin Piriyevdən yardım təklifi müsbət nəticələnib. Açığı, Azərbaycan güləş hakimliyində beynəxalq müstəvidə pərakəndəlik hökm sürür. Hərə özünü düşünür və tədbirli addımlar gözə dəymir.
Digər yandan, xeyli müddətdir məqsədli siyasət yoxdur. Refelilərimiz yurd dışında öz əlaqələri hesabına dərəcələrini artırır, ancaq özlərinə və arxalarındakı adama, gücə “işləyirlər”. Bu üzdən olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında onların təsir imkanı çox azdır. Başqa sözlə, bizim güləşçilərin mübarizəsində iş başında olan əcnəbilər, azərbaycanlı həmkarlardan öz təmsilçilərinə qarşı elə də təhlükə hiss etməyərək çəkinmirlər. İnsaf naminə, Los Anceles-2028-də ölkəmizi şərəfini qorumağa layiq hakim Sədi Quliyevdir. O, artıq püxtələşib və olimpiya dərəcəsi alandan bəri sabit çıxış edir. Üstəlik, heç vaxt “dördillik”də iş başında olmayıb.
Görürən budur ki, indiki durumda dünya güləşində sayılıb-seçilən azərbaycanlı referi Bəşir İsazadədir. O, bacarığı, ünsiyyəti və ədaləti ilə hər kəsin rəğbərini qazanıb. Bunun sayəsində Ər Riyad-2025 İslam həmrəyliyi oyunlarına özəl dəvət aldı və ondan sonra ilk dəfə olaraq olimpiya dərəcəsinə yüksəldi. Okeanın o tayına bu adları çəkilən referilər yollanarsa, AGF-in gücü və təsir imkanı birə-beş artacaq. O, ölkədə də qəbul olunur və yaxın gələcəkdə AGF-in hakimlər kollegiyasına sədr olmağa layiq namizəddir.
Yaxın keçmişdəOdlar yurdunu dünyanın ən böyük idman bayramında təmsil edən referilər – Hicran Şərifov (Pekin-2008; London-2012; Rio-2016), Əjdər Cəfərov (London-2012) və Asif Şirəliyev (Tokio-2020; Paris-2024) olublar. Adı ilk çəkilən hakim AGF-in bölgələr üzrə keçmiş vitse-prezidenti mərhum Cavanşir Qurbanovun beynəlxalq əlaqələri və özünün şəxsi imkanı hesabına yol tapıb. İlk uğurlu cəhddən sonra yurd dışında mövqeyini möhkəmləndirən və Rusiya güləş federasiyasının prezidenti Mixail Mamiaşvili ilə münasibət quran Hicran Şərifov növbəti 2 olimpiadada da döşəyə çıxıb. O bu illər ərzində ölkədə böyük ölçüdə fəxti adlara yiyələnib, FİLA tərəfindən “Qızıl fit”lə mükafatlandırılıb və bu sənəti inhisarına alıb; Rio-2016-da onun idarə etdiyi tutaşmalarda baş verən qeyri-adi olaylarla yadda qalıb. “Cəngi” idman klubunun sahibi Tokio-2020-yə, hətta Paris-2024-ə getmək niyyətindəydi. Fəqət, Asif Şirəliyev artıq DGB adlanan beynəlxalq qurumda hakimlər kollegiyasının sədri Antonio Silvestriyə yol taparaq yurd içində maraq dəstələrinin səyi nəticəsində həmin olimpiadalarda özü iştirak hüququ əldə edib.
Ötən il baş verən idarəçilik dəyişikliyindən sonra İtaliya əsilli almaniyalı bu vəzifəsini itirməklə həmyerlimizin “qara günlər”i başlayıb. Yayılan xəbərə görə, o, 25 fevral – 1 martda Albaniyanın paytaxtı Tiranada keçirilmiş əmsal sıra yarışında bir görüşün nəticəsinə təsir edən səhv qərar verdiyi üçün 2 gün işdən uzaqlaşdırılıb. Hazırda beynəlxalq səhnədə bu sahədə yenilənmə, qalaqurma gedir və Asif Şirəliyev əvvəlkilərin adamı sayılır. Onun bu mövsüm dərəcəsinin düşməsi ilə bağlı DGB-də söz-söhbət dolaşır. Hər halda, AGF-in hakimlər kollegiyasının sədri boş dayanmır. Əsas hədəfdən biri – qurumun üst qatında üzvlərin müəyyənləşməsi və birgə qərarların qəbulu olduğu halda, o, milli dərəcəli referilərə şirin vədlər verərək öz tərəfinə çəkib onlardan yeni çevrə qurmaqla, çox güman, ehtimal rəqiblərini, yəni, öncə yüksək dərəcəli məşqçi-hakimləri xalçanın mərkəzindən “təmizləməy”i düşünür. Ən böyük niyyəti isə, 60 yaşı tamam olana qədər bütün olimpiya oyunlarında iştirak etməkdir. Digərləri getməsə də olar. O, 1981-ci il təvəllüdlüdür.
Allsport.az-ın nəzəriyyəsinə və hesablamasına görə, son 18 ildə Azərbaycan güləşinə hakim kimi ən çox fayda verən Əjdər Cəfərov olub. O, 2009-cu ildə hakimlər kollegiyasına sədr keçdikdən sonra köklü islahatlara başlayıb. Ən başlıcası ciddi nizam-intizam və referilərin nüfuzunun yüksəldilməsinə çalışıb. İndi yuxarı kateqoriyaya malik ədalət təmsilçilərinin çoxu onun dövründəkilərdir. Sinqapur-2010 və Nanjin-2014 yeniyetmələrin olimpiya oyunlarını idarə edib. 2011-ci ildə ABŞ-ın Florida ştatında keçirilmiş FİLA-nın hakimlər kollegiyasının qərarına əsasən ən yüksək – “olimpiya” dərəcəsinə layiq görülüb və 1 il sonra London-2012-də iş başında olub. Həmin dönəmdə FİLA tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb; DGB tərəfindən Bakı-2015 ilk Avropa oyunlarında güləş yarışların əlaqələndiricisi olub. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan güləşi müxtəlif ölkələr tərəfindən rəğbətlə qarşılanırdı. AGF-in yeni baş katibi Pərvin Piriyev həmin yolu tutmağı hədəfləyib. Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların imtahan məqamı isə 14-30 iyulda Los Anceles-2028 olimpiadasında ölçüləcək.