Ölkə başçısı yenidən qurulan Sumqayıt stadionunda şəraitlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub. Allsport.az saytı xəbər verir ki, o, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt stadionunda yaradılan şəraitlə tanış olub. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət başçısına stadionda görülən işlər barədə məlumat verib.

Bu idman qurğusunun yenidənqurması prezidentinin 2019-cu il 21 noyabr tarixli sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.

Bildirilib ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

Həmin kateqoriyadan