“Öz dəst-xətti olan, çox qol vurub, az qol buraxan komanda yaratmağa çalışacağıq”

AFFA-nın inzibati binasında millinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, Millətlər liqasının qrup mərhələsinin ilk 2 turunda İsveç və Slovakiya yığmalarına qarşı oyunların heyətini açıqlayan portuqaliyalı mütəxəssis, KİV nümayəndələrinin suallarını cavablandırıb.

O, bəzi futbolçuların zədə ucbatından millidən kənarda qaldıqlarını açıqlayıb: “50 nəfərə yaxın siyahı var idi, onların arasından seçim etdik. Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Mahir Əmrəli, Anton Krivotsyuk, Hacıağa Hacılı, İsmayıl İbrahimli kimi oyunçular zədəli olduqları üçün siyahıya salınmayıblar”.

Baş məşqçi gələcək üçün mübariz komanda formalaşdırmağa çalışacaqlarını bildirib: “Bura gəlməyimizdə məqsəd rəqabətədavamlı komanda qurmaqdır ki, həmin kollektiv gələcəkdə ölkəni uğurla təmsil edə bilsin. İndiki məqamda köklü dəyişiklik etməyə ehtiyac yoxdur. Futbolçularla ilk dəfə birgə işləyəcəyik. Cəmi bir məşq etmək imkanımız olacaq. Həm onlar bizi, həm də biz onları tanıyacağıq. Azərbaycan naminə, bayraq, himn üçün əzmkar mübarizə aparan kollektiv qurmaq istəyirik. Hamımız Azərbaycan naminə nəsə etmək üçün buradayıq. Əsas Azərbaycanın adı, bayrağıdır. Hazırkı məqamda bu, əsas məqsəddir”.

O, rəqibləri təhlil etdiklərini söyləyib: “Onların bütün futbolçuları haqqında ətraflı məlumata sahibik. Dünyada elə bir məşqçi yoxdur ki, qələbədən başqa nəticə istəsin. Biz də elə kollektiv qurmaq istəyirik ki, futbolçular inamlı və iddialı olsunlar. Öz dəst-xətti olan, çox qol vurub, az qol buraxan komanda yaratmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan milli komandası sentyabrın 5-də Bakıda İsveç yığması, sentyabrın 8-də isə Koşitsedə Slovakiya seçməsi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan