Ozobiç premyer liqa tarixinə düşdü

Filip Ozobiç Azərbaycan çempionatlarında 2-ci het-trikə imza atıb.

Allsport.az xəbər verir ki, xorvatiya əsilli yarımmüdafiəçi 2 fərqli klubda het-trik edən futbolçular siyahısına daxil olub.

Ozobiç bunu premyer liqanın XXVI turunda rəsmiləşdirib. “Neftçi”nin futbolçusu “Kəpəz”lə səfər matçında (3:3) üç qol vurub.

O, 2020/21 mövsümündə “Qarabağ”ın heyətində də belə məhsuldar oyun keçirib. 2020-ci il noyabrın 8-də də səfərdə üç qol vuran Ozobiç indiki komandası “Neftçi”ni məyus edib. Həmin görüşdə də 6 qol qeydə alınsa da, bütün topları qonaqlar vurublar – 0:6.

“Qarabağ” və “Neftçi”də het-trikə imza atan Filip Azərbaycan çempionatının XXI əsrdə keçirilən oyunlarında ən azı iki fərqli klubun heyətində het-trik və ya daha çox qol vuran 10-cu futbolçudur. Ona qədər 9 oyunçu bunu bacarıb.

Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) hərəsi üç klubun heyətində belə məhsuldar matç keçirib. Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “Şamaxı”), Xaqani Məmmədov (“Şüvəlan” və “Şamaxı”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurub.

Həmin kateqoriyadan