- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, “Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın “Panatinaikos” klubuna qarşı keçirəcəyi ilk matçın baş hakimi ingiltərəli Andre Marriner olacaq. Allsport.az xəbər verir ki, bu hakim də azərbaycanlı futbolsevərlər üçün yaxşı tanışdır.
O, sonuncu dəfə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan yığmasının Portuqaliyaya qarşı ev oyununda idarəçilik edib. Millimizin 0:2 hesabıyla uduzduğu həmin qarşılaşmada Marriner futbolçularımıza 4 sarı, 1 qırmızı vərəqə göstərib. Qonaq komandanın üzvlərindən isə yalnız biri hakimin sarı vərəqəsini qarşısında görüb.
Marriner avrokuboklardakı iştirakçılarımızın da oyununa təyinat alıb. Belə ki, Avropa Liqasının 2009/10 mövsümündə “Qarabağ”ın Hollandiya “Tvente”si ilə pley-off qarşılaşmasında məhz bu hakim ədaləti qoruyub. O, komandamızın 1:3 hesabıyla uduzduğu bu görüşdə cəmi iki dəfə əlini cibinə atıb ki, hər iki halda da ağdamlı futbolçular sarı vərəqə ilə cəzalanıblar.
İngiltərəli referinin “Qəbələ” ilə yolları kəsişməsə də, “Panatinaikos”un oyununu idarə edib. Belə ki, o, UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün üçüncü təsnifat mərhələsində Yunanıstan klubunun Danimarka “Odense”si ilə qarşılaşmasında 7 qol qeydə alıb. Afinada keçirilən görüşdə yunanlar 3:4 hesabıyla uduzublar. Marriner bu oyunda biri meydan sahiblərinə, üçü qonaqlara qismət olan 4 sarı vərəqə göstərib, eyni zamanda Danimarka klubunun bir futbolçusunu meydandan qovub.