PFL aranı qatdı: Cümhuriyyətin 100 illiyində ölkə kubokunun finalı mayın 28-də keçirilməyəcək!

Azərbaycan kubokunun yarımfinal və final oyunlarının tarixlərində dəyişikliklər ediləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov report.az-a açıqlamasında deyib. Onun sözünə görə, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-də nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında “sürüşmə” baş verəcək.

Final matçı isə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may – Respublika günündə gerçəkləşməyəcək. PFL əməkdaşı bunu həmin görüşdən bir gün sonra Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq görüşünün keçiriləcəyi ilə əlaqələndirib. O, konkret tarixlərlə bağlı qərarın, böyük ehtimalla, gələn həftə veriləcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında “Qəbələ” “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.

Həmin kateqoriyadan