PFL niyə keçmişdə qalıb?

“Bəxtiyar” filminin ortasında maraqlı səhnə var: Mirhəmid (klubun işçisi) əlində afişa neftçilərin yeməkxanasına daxil olub elan edir: “Yoldaşlar! Əziz və möhtərəm yoldaşlar! Əgər içərinizdə oxuyan, oynayan və yaxud bir şeyi çalmağı bacaran varsa, təcili surətdə Sahil küçəsindəki kluba gəlsin. Rica olunur. Əziz yoldaşlar!” Klubun direktoru Ağabalanın durumu ağırdır. “Yuxarı”dan məktub gəlib. Bu üzdən, komissiyanın gələcəyindən bərk narahatçılıq keçirir və tələm-tələsik işçiləri (qohumlarını) ətrafına yığıb deyir: “Yoldaşlar, işimiz əngəldir. Heç kimdən səs çıxmır. – Başa düşürsüz ki, işimiz əngəldir? Sizə bildirməliyəm ki, sabah klubumuza xüsusi bir komissiya gəlir. Özfəaliyyət dərnəklərimizin işlərini kökündən yoxlayacaqlar. Nə isə, işlərimizə baxacaqlar”. – Ədil: “İşləri-gücləri qurtarıb, niyə baxacaqlar?” – Klubun kassiri Zəhra: “Niyə baxacaqlar yox, nəyə baxacaqlar?!”

Xülasə, 2 avqustda Azərbaycan premyer liqasında yeni mövsümə start veriləcək. Peşəkar futbol liqası bunun üçün hazırlığa başlayıb. Müəyyən istiqamətlərdə hərəkətlilik olsa da, qurumun rəsmi saytında (pfl.az) köhnəlmiş bilgilər qalmaqdadır. Məsələn, “Turan Tovuz”a aid bölmədə keçmiş baş məşqçi Ayxan Abbasov ilə bağlı. Halbuki o, 13 iyundan “Şamaxı”nı çalışdırır. Eləcə də, “qırmızı-göylər”i tərk edən qapıçı Kamal Bayramov. O da “şirlər”ə pənah aparıb. Həmin dönəmdə klubun himayədarı (“Hünər”) boş dayanmayıb – yerli mütəxəssislərdən imtina edərək, “Turan Tovuz”u əcnəbiyə – Qurban Berdiyevə həvalə edib. Rusiyalı çalışdırıcı komandanı 2 dəfə oyuna da çıxarıb. Qəbələ toplanışında ötən mövsüm 2-ci liqanı 12-ci yerdə bitirən “Şəmkir”in qapısından 13 cavabsız top keçirib. Dünən də “Kəpəz”ə 4:0 qalib gəliblər. İndi onlarda şadyanalıqdır.
Başqa nümunə, “Qarabağ”ın əcnəbi qolkiperləri Andrey Lunyov və Luka Quqeşaşvili komandanı bir müddət öncə tərk etsələr də, adları siyahıda qalmaqdadır. Belə, onlarla misal göstərmək olar. “Qəbələ” klubu ötən mövsüm güclülər dəstəsini tərk etsə də, adı hələ də eliya siyahısındadır. Onu əvəz edən 1-ci liqanın qalibi “Şamaxı”dan hələ xəbər yoxdur.

Ötən yazımda qeyd etmişdim: PFL-in media ilə işləyən qrupu nə genişdir, nə də çevik. Sual yaranır: bəs onda niyə yeni əməkdaşlar cəlb etmirlər? Bəllidir, ancaq özlərinə yaxınları işə götürürlər. Belədə, quruma yaxın xəbərçilər az deyil. Onların vəzifəsi yalnız digər həmkarları güdməkdən ibarətdir? Hərdən nəsə yazmaq lazım deyil? Axı jurnalistin əsl peşəsi budur! Hazırda PFL-ə yaxın KİV ölkə futbolunu bölməkdə davam edir. “AFFA bacarıqsızdır, Elxan Məmmədov yaxşı deyil, ancaq PFL işləyir” kimi ifadələr gəzib dolaşmaqda davam edir. Mərc şirkətləri də bir tərəfdən basqı edir. AFFA-ya, özəlliklə, assosiasiyanın keçmiş baş katibi Elxan Məmmədova prezidentləri yaxın olan futbol klubları təzyiq altındadır. “Sumqayıt”, “Səbail” və “Kəpəz”ə qarşı açıq qərəz var.
Üstəlik, “Misli”nin maliyyələşdirdiyi layihə özünü doğrultmadı. Ora qoşulanların xeyli qismi PFL-i uşaq kimi aldatdılar. Barı, mətbuat departamentini canlandırıb ortaya keyfiyyətli iş təqdim edərdiniz.

Yeri gəlmişkən, PFL – iyulun 19-da milli mətbuat günü ilə əlaqədar KİV-i “Rustaveli” (yəqin, gürcüstanlı keçmiş PFL prezidenti Ramin Musayevə xoş gəlsin deyə, bu məkanı seçiblər) restoranında intellektual yarışa toplayacaq. Dəvətlilər sırasında Allsport.az da var. Diqqət çəkən odur ki, media və marketinq direktoru təcrübəli jurnalistlərə, idman mətbuatının öncüllərinə özü bildiriş verib, amma bəndənizi “mail” vasitəsilə digər əməkdaşla xəbərdar edib. Bunu nə üçün etdiyini gözəl anlayıram: Sənan Abdullayev tənqidi həzm edə bilmir – “AFFA əleyhinə yaradılan “layihə” və ya rayon səfərlərində “Misli” görünməmiş kələk” başlıqlı yazıdan çox əsəbləşib və qıcıqlanıb; nəticədə, kinniləşib. Dərd burasındadır ki, özü əski idman jurnalisti olmasaydı, onu başa düşərdim. Hərçənd kifayət qədər stajı olub, yaxşı reportajlar təqdim edib, çalışdığı dönəmdə “Tərəqqi”yə layiq görülüb. Görünür, mükafatı alsa da, bəzi məqamlarda hələ də tərəqqidən geri qalıb. Anlamır ki, vəzifəyə keçəndə, hər şeyə hazır olmaq lazımdır. Bir də, tənqiddən niyə inciməlidir axı? Özü azmı tənqib edib?..

Kamran HACI

Həmin kateqoriyadan