- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İngiltərə futbol assosasiyası premyer liqa klublarının tərkibində ingilislərin sayının azalmasından narahatdır.
Allsport.az “The Times”a istinadən xəbər verir ki, əvvəlki iki transfer pəncərəsində premyer liqa klubları hər hansı digər transfer pəncərəsində olduğundan iki dəfə çox əcnəbi futbolçu transfer ediblər.
Assosasiyanın rəhbəri Mark Bullinqem isə deyir ki, yerli futbolçuların oynamasını təmin etmək üçün premyer liqa klublarında əcnəbilərin sayı məhdudlaşdırıla bilər. Bullinqem keçən həftə premyer liqada meydana çıxan oyunçuların yalnız 28 faizinin İngiltərəni təmsil etdiyini vurğulayıb. Mövsüm boyu isə onların ümumi orta göstəricisi təxminən 30 faiz təşkil edir.
Bullinqem deyib: “Oyunçu axınını məhdudlaşdırmaq çox vacibdir. Oyun şansı alan 21 yaşdan kiçik ingilislərin sayı təxminən iki dəfə azalıb. Bu tendensiya bizi narahat edir”.
Bullinqemin fikrincə, mövcud vəziyyətdə mümkün həll yollarından biri ingilislərə oyun vaxtı verilməsinin zəmanəti müqabilində məhdud sayda əcnəbi futbolçu üçün viza qaydalarının yumşaldılmasıdır: “Bu sistem klublara daha rahat tələblərlə daha az oyunçu ilə müqavilə imzalamağa imkan verəcək. Onlar viza üçün lazımi sayda bal toplayana qədər açıq-aşkar istedadlı oyunçu ilə müqavilə imzalaya biləcəklər. Sonra bu, 30 milyon avroya yox, 3 milyona alınacaq. Premyer liqaya həqiqətən dəyər qatacaq oyunçular çox deyil”.