Batı YAR
Problemlər hər klubda eynidir

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

Sadəcə, özünü birində qabarıq, o birində ötəri göstərir

Ötən iki həftə ərzində milli futbol çempionatında ard-arda 3 tur keçirilib, yarışda 4 dövrədən birinə yekun vurulub, ikincisi başlanıb. Qış fasiləsi ərəfəsində komandalara veriləcək son kiçik istirahət dövründə nələr baş verəcəyini isə indidən ehtimal etmək çətindir. Hər şey turdan-tura dəyişməyə başlayıb.
Ümumiyyətlə, son bir ay əsasən, məşqçi dəyişiklikləri və buna cəhdlərlə yadda qalıb. Bu dəyişikliklər, AzAL-da və “Neftçi”də gözlənilsə də, “Rəvan”la “Sumqayıt” daha sürətli tərpəndilər. Birinin məşqçisi könüllü getdi, digəri ilə bağlı məsələ isə hələ də qaranlıqdır. “Muğan” adlandığı dövrdən belə mənzərələri adi hala çevirmiş “Rəvan”da baş verənləri heç də birmənalı qarşılamaq olmur. Klubda yenə də və növbəti dəfə köhnə sükançının erası başlanıb. Məsələ köhnə-təzə məşqçinin daim və könüllü bu vəziyyəti ilə bağlı deyil, klub rəhbərliyinin işinə yanaşmasındadır. Axı, qəfil elita qapısı açılıb mövsümə tez-tələsik hazırlıq keçmiş bir komanda üçün mövsüm heç də pis başlanmamışdı. Lakin sonradan qəribə, heç bir qanunauyğunluğa sığmayan eniş başlandı. Halbuki həm oyunlar, həm də məşqlər bunun tam əksinin baş verməli oldğunu göstərirdi.

Əvəzində, “Sumqayıt”da Aqil Məmmədovun könüllü istefasını alqışlamaq olar. Çünki bu komandanın yeni nəfəsə ehtiyacı var. “Qarabağ”la görüş bunu bir daha sübut etdi. Komanda yeni sükançısı ilə siması, təbii olaraq, çox da dəyişməyən oyunu ilə çempionu məğlubiyyətə uğratdı. Söz yox ki, bu məğlubiyyətdə rəqibin sükançısının qalaqurmalı oyunu, futboçuların bu görüşdə asan qələbə ovuna çıxmaq niyyəti daha çox rol oynadı. Lakin “Sumqayıt”da məhz qələbə əzmi və oyunla açılan iştaha xoş təsir bağışladı – ona saymazyana yanaşan rəqib cəzalandırıldı. Bu matçın təkrarını “Qarabağ” “Rəvan”la görüşdə də yaşatmalı idi. Lakin məhz məşqçi dəyişikliyinin mənfi təsirindən autsayder bunu bacarmadı. Bəlkə də “Qarabağ” bu mövsüm belə məzmunsuz qələbəni bir daha qazanmayacaq. Çünki rəqib meydanın hər qarışında sanki futbol oynamırdı, sözün həqiqi mənasında, topu özü də nə edəcəyini bilmədən qovmaqla məşğul idi.
AzAL, nəhayət ki, seriyalarını qıraraq, qol vurmağa, nəticə göstərməyə başlayıb. Halbuki bu komandada suların durulmasına hələ çox var. Rəhbərliyinin səbrli olması da klubun karına gəldi.

Əlbəttə, mövqelərdən söhbət düşürsə, “Neftçi”dən daha çox bəhs edilməlidir. Baş məşqçinin istefasının qəbul edilməməsini də doğru saymaq olar. Çünki komandanın problemi məşqçidən qaynaqlanmır və o bu problemlər zəncirinin son halqalarından biridir. Söz yox ki, bu gün “Neftçi”yə nüfuzlu məşqçi əli lazımdır. Baş məşqçi nə qədər perspektivli olsa da, mövsümdə buna qədər istefa vermiş həmkarları kimi, hələ çox təcrübəsizdir. Bu, komandanın epizodik mənalı oyunlarında özünü büruzə verir. Əlbəttə, həmin gənc məşqçilərin yanında təcrübəli köməkçilər və ya məsləhətçilər, yaxud da əcnəbilər olsa, nəticə fərqli ola bilər. Ancaq indiki halda bu məşqçilərin iş başında təcrübə toplamasına öyrəşməliyik. Azərbaycan futboluna “yeni məşqçi qanı” da lazımdır. Amma hələlik bu məşqçilərin iş tempi və stimulları sələflərindən heç nə ilə fərqlənmir. Bu, istər taktiki, istərsə də klubdaxili məsələləri əhatə edən məsələlərdir.

Əlbəttə, klublarımızda hələ çox şeylər yerində deyil. Təkcə “Neftçi”də deyil, digər klublarda da vəzifələr bölgüsünün Avropa qaydası ilə aparılmasına başlanılıb. Amma icraçı, futbol və ya idman direktoru anlayışları kimi, əsas vəziflərin iş prinsipi və mahiyyəti mənzərəsi qarma- qarışıq görünür “Neftçi”nin oyunlarına hakimlərin sayğısızlığı artıq komandanın oyununa da təsir göstərib. Bu səfin dağılması isə növbəti mərhələyə – nizam-intizama da keçib. Maneələrin aşılması üçün klubun ciddi psixoloji təkana ehtiyacı var. Bu isə təcrübəli və yaxud nüfuz sahibi olan futbol adamının işi ola bilər. Təsəvvür edin ki, indi klubda ya cavanlar, ya da qeyri-futbol peşəkarları çalışırlar. Onsuz da bərbad futbol təsərrüfatında bunlar nəyə qadir ola bilərlər?
Bu problem təkcə “Neftçi”də deyil. “Ağ-qaralar” futbolumuzun olan-qalan iki qaymaq klubundan biri olduğu üçün, bu cəhət özünü onda daha çox büruzə verir. “Qarabağ”ın isə nailiyyətləri və məşqçisinin az-çox təcrübəsi buna şərait yaratmır.

Elə eyni qayda ilə Avropa miqyaslı yarışda uğur qazanıb qrup yarışına düşmüş “Qəbələ” də “Neftçi”dən çox uzaqda deyil. Bir anlıq bu komandanın Avroliqanın qrup mərhələsinə düşmədiyini təsəvvür edin: əlbəttə, tənqidlər bir-birinin ardınca düzüləcəkdi. Çünki komanda Avroliqa ilə ölkə çempionatına eyni tərzdə yanaşmır. Çempionatın limit tələbi ilə Avroliqada yerli futbolçular olmadan keçirilən oyunlar bu qarışıqlıq mənzərəsinin mənbəyidir. Axı, bizim təmsilçilər Avropanın heç bir klubundan gərgin oyun keçirmirlər. Söz yox ki, komandanın göstərdiyi nəticələri yerli futbolçuların da qismən iştirakı ilə təmin etmək olardı. Hər halda nə Rəşad Sadiqov, nə Ruslan Abışov, nə Vaqif Cavadov, nə də Vüqar Nadirov bu mənada əcnəbilərdən heç də geri qalmırlar. Hətta bu futbolçulardan Avropa səhnəsində istifadə olunmaması komandanın ümumi oyun simasının müəyyənləşməsinə də mənfi təsir göstərir. Açığı, baş məşqçinin komandaya – gəldi-gedər, gətirdiyi futbolçuların isə – qeyri-ciddi münasibətini hiss etmək olur. Bunun cəzasını isə AzAL-la “Kəpəz” verdilər. Hələ bu münasibət davam edərsə və komanda Avroliqa yarışını başa vurduqdan sonra nəticə indiki vəziyyətində qalsa, daha betər olacaq.

Hər halda istəməzdik ki, daha bir klubumuz “İnter”lə “Simurq”un, “MKT Araz”la “Karvan”ın taleyini təkrarlasın. Axı, Qəbələdə futbolun inkişafı üçün ən sanballı və nümunəvi şərait qurulur.
Söz yox ki, debütantların – “Kəpəz”lə “Zirə”nin yüksəlişi haqqında əsaslı bəhs etmək lazımdır. Lakin kimin üçünsə hətta klubun rəsmilərinə görə bu, gözlənilməz yüksəlişdirsə, bizim üçün əsla belə ola bilməz. Bunun üçün onların hansı şəraitdə və kimlərlə rəqabətdə nailiyyət əldə etməsinə baxmaq və heyətlərinə nəzər salmaq yetərlidir.

Həmin kateqoriyadan