Amal ABIŞOV
Prosineçkinin 25 min avrosu şəhid ailəsinə verilməlidir!

Bu ayın əvvəlində Azərbaycan öz müstəqillik tarixinin növbəti çətin və şərəfli günlərini yaşadı. Son dönəmlərdə ilk dəfə yumruğumuzu bir hədəfə vurmağı bacardığımızı nümayiş etdirdik. Bütün dünyaya isbatladıq ki, məsələ vətən topraqları olunca, uşaqdan böyüyə kimi şəxsi problemləri bir kənara qoymağı, düşmənə nifrət püskürməyi bacarırıq. Cəbhədə şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın dəfn mərasimləri izdihama çevrildi, üçrəngli bayrağımıza bükülən cənazələr minlərlə insanın çiyinlərində son mənzilə yola salındı. Bu cür hadisələr həm də cəmiyyətimiz üçün bir sınaq idi. Biz millət olaraq sınaqlardan alnıaçıq, şərəflə çıxmağı bacardıq. Ən gərgin günlərdə belə kimsə geri addım atmağı düşünmədi, qorxu hissini yaxına buraxanlara rast gəlmədik. Əli silah tutanlar ön cəbhəyə atılmaq üçün ayağa qalxdılar, gənclər mənfur düşmənə qəzəblərini meydanlarda göstərdilər, hər evdən şanlı bayrağımız asıldı. Belə məqamlarda dostla düşməni, cəsarətli ilə qorxağı ayırd etmək də çətin olmur. Eləcə də qısa müddət ərzində ölkəmizdə çalışan əcnəbilərin əsl üzünü, bizə nə dərəcədə bağlı olduqlarını da görə bildik.
Kimin ürəkdən bizim sevincimizə və kədərimizə şərik çıxdığını hiss etdik. Dildə bizi sevdiyini, bizimlə bir olduğunu deyən gəlmələrin səmimiyyəti üzə çıxdı. Əcnəbi mütəxəssislərdən daha çox diqqət mərkəzinə düşənlər Roman Qriqorçuk, Zaur Svanadze və Robert Prosineçki oldu. Ukraynalı çalışdırıcı “İnter”lə oyundan dərhal sonra şəhidlərimizin itkisinə üzüldüyüni dilə gətirdi, həmkarım Gündüz Abbaszadənin təklifiylə “belə ağır gündə futboldan danışmayaq” deyib konfrans salonunu tərk etdi. Həmin gün ona rəqib olan Svanadze isə Roman İosifoviç qədər diqqətli və cəsarətli davranmağı bacarmadı. Torpaqlarımızı azad etmək uğrunda apardığımız haqq davasına siyasi don geyindirən gürcü mütəxəssis təcavüzə uğrayanla təcavüzkarı ayırd edə bilmədiyinə görə qınağa tuş gəldi. Kim bilir, bəlkə də çoxbilmiş gürcü gələcəkdə Ermənistanda çalışmaq perespektivini gözə alıb kəskin fikir bildirməkdən çəkindiyi üçün manevrə əl atdı. Hər halda sonradan səhvini anladığını, yanlış davrandığını bildirdi və üzrxahlığını dilə gətirdi. Biz də üzrünü qəbul etdik. Sonradan şahid olduğumuz proseslər, daha doğrusu, millimizin baş məşqçisi Robert Prosineçkinin davranışları göstərdi ki, Svanadze şükürlü imiş. Heç olmasa, gürcü çalışdırıcı ağır günlərdə bizi tərk edərək ölkəsinə qaçmayıb, öz vəzifəsini yerinə yetirib və futbolçularına məşq keçib, “İnter”i meydana çıxarıb. Xorvatiyalı həmkarlarımız olmasaydı, biz millimizin baş məqçisinin Tərtərdə atılan top səslərindən diksinib Bakını tez-tələsik tərk etməsindən, uşaqlarının məktəbini belə yarımçıq qoyub həyacanla Zaqrebə getməsindən xəbərdar olmayacaqdıq. Məhz onların Zaqrebdəki idman mərkəzinin açılışında Robini sorğu-sual etməsindən sonra barmağımızı dişlədik, ölkənin əsas komandasının “sükançı”sının yaman günün dostu olmadığını anladıq.
Belə çıxır ki, sabah Ali Baş Komandanımızın əmriylə Qarabağın düşmən işğalından təmizlənməsi üçün iri miqyaslı hərbi əməliyyatlar başlasa, cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər getsə, Prosineçki “canınız cəhənnəmə” deyib dabanına tüpürəcək. Ona Azərbaycanın torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüz yox, neftdən gələn pullardan alacağı maaş lazımdı. Olsun, artıq gözümüz açıldı, Prosineçkinin bizə münasibətdə qeyri-səmimi olduğunu hər kəs anladı. Məsələnin digər maraqlı tərəfi odu ki, Zaqrebdə həmyerlilərinə geninə-boluna açıqlama verən Robi Bakıya qayıdandan sonra azərbaycanlı jurnalistləri görəndə üz-gözünü turşudur. Haqlı sualların qarşısında əsəbləşir, ətraflı izahat vermədən “Bakıya cəmisi 1 həftə gec qayıtmışam” deyir. Bu yerdə AFFA-nın hərəkətə keçməsi, ictimaiyyəti məlumatlandırması vacibdi. Lap tutaq ki, Prosineçki Bakını şəxsi işiylə bağlı tərk edib və cəmisi bir həftə gecikib. Təhsil ocaqlarından dərsə gəlməyən tələbənin, iş yerində olmayan işçinin cəzası yoxdumu? Buyurun, Prosineçkini də cəzalandırıb, bizi məlumatlandırın.
İldə köməkçiləriylə birlikdə 1,2 milyon avro maaş alan mütəxəssisin həftəsi Azərbaycana 25 min avroya başa gəlir. Həmin 25 min avro xorvatiyalının maaşından mütləq tutulmalıdı. Faktiki onlar bir həftə öz işlərinin başında olmayıb, vəzifə borclarını yerinə yetirməyiblər. Deməli, bir həftəlik maaşı da haqq etmirlər. Ölkəmizdə həmin pula ehtiyacı olan minlərlə Qarabağ əlili, şəhid ailəsi var. Nəyə görə bu çətin günlərdə dövlətin pulunu xorvatiyalı məşqçilərə havayı yerə yedirməliyik? Zəngilandan qaçqın düşüb Naftalanda məskunlaşan, ailəsinin yeganə oğlu olan şəhidimiz Müşfiq Orucovun yaxınlarının mənzil şəraitini hamımız gördük, ürəyimiz ağrıdı. Prosineçkinin bir həftəlik maaşından tutulan 25 min avroyla Naftalan şəhərində normal bir ev tikib şəhidin ailəsinin mənzil şəraitini yaxşılaşdırmaq mümkündü. Bu həm də AFFA-nın Azərbaycan şəhidlərinə böyük ehtiramı, xalqımıza etdiyi əvəzsiz yaxşılığı olar. Prosineçki də bilər ki, biz azərbaycanlılar sayğısızlığa, çətin məqamda bizi tərk edənlərə layiqli cavab verməyi bacarır. Buyursun AFFA başbilənləri. İndi söz onlarındı.

 

Həmin kateqoriyadan