“Qəbələ” Futbol Akademiyasından böyük hesablı qələbə

AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda 2015/16 mövsümünə start verilib. Allsport.az saytı xəbər verir ki, yeni rəqabət sentyabrın 22-də U-15 komandalarının mübarizəsi ilə start götürüb. 18 iştirakçının çıxış etdiyi və bu mövsümdən “Boulevard Hotel U-15 Liqası” adlanan çempionatda artıq iki turun oyunları arxada qalıb. “Qəbələ” Futbol Akademiyasının U-15 komandası I turda “Turan” İB ilə qarşılaşıb. Xaqani Məmmədovun yetirmələri səfər matçında böyük hesabla qalib gəliblər – 8:0.

“Qırmızı-qaralar” növbəti oyuna doğma arenada çıxıb. Sentyabrın 27-də “Ağsu”nu qəbul edən gənclərimiz bu görüşdə də aşkar üstünlüyə malik olublar. Hər iki hissədə oyuna nəzarəti əlində saxlayan “qırmızı-qaralar” rəqib qapısında yenə 8 cavabsız top keçiriblər.

Qeyd edək ki, “Qəbələ”nin 15 yaşlılarını yeni mövsümdən, ötən il U-14 komandasıyla “Bakcell U-14 Elit Kuboku”nu və liqanın gümüş medalını qazanan Xaqani Məmmədov çalışdırır. U-15 komandamız son 3 mövsümdə 2 dəfə qızıl, 1 dəfə gümüş mükafat qazanıb.

Həmin kateqoriyadan