“Qəbələ” “Hürriyyət” qəzetini yalançı çıxardı: Xəbər həqiqəti əks etdirmir

“Qəbələ” Türkiyənin “Beşikdaş” klubunun 15 tərəfdarının bu komandaya azarkeşlik etdiyi barədə yayılan xəbərləri təkzib edib. Allsport.az sizi həmin açıqlama ilə tanış edir:

“Noyabrın 20-də Türkiyənin “Hürriyyət” qəzetində “Beşikdaş taraftarları transfer oldu” başlıqlı məqalə dərc olunmuşdur. Yazıda özünü “ağ-qara” azarkeşi kimi təqdim edən Sedat Özdemir bir neçə digər azarkeşlə klubumuzun prezidenti Tale Heydərovla görüşdüklərini və müəyyən şərtlər müqabilində komandamızı oyunlarda dəstəkləyəcəklərini, klubumuzu dəstəkləyən tərəfdar qrupları ilə öz təcrübələrini bölüşəcəklərini bildirmişdir. Təəssüf və təəccüblə bildiririk ki, dərc olunan yazı həqiqətdən uzaqdır. Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməmişdir.

Xatırlatmaq istərdik ki, 6 avqust 2015-ci il tarixdə UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qəbələ”-“Apollon” (Kipr) matçından əvvəl klubumuza heç bir bağlılığı olmayan fan-klublardan biri tərəfindən oyuna “Beşikdaş” azarkeşlərinin gələcəyi barədə bizə məlumat verilmişdir. Həqiqətən də bir qrup türkiyəli azarkeş yalnız “Apollon”la görüşdə digər fan-klublarla bərabər komandamızı dəstəkləmişdir və bunun qarşılığında klub tərəfindən sözügedən azarkeşlərə hər hansı maddi vəsait ödənməmişdir.

Bir daha vurğulamaq istərdik ki, klubumuzun yazıda qeyd olunan şəxslərlə heç bir müstəvidə əməkdaşlığı mövcud deyil və xəbər həqiqəti əks etdirmir”.

Həmin kateqoriyadan