“Qəbələ”nin kapitanı: “Fasilə dövründə qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq”

“Qəbələ” Premyer liqanın 12-ci turunun “Zirə” ilə ev oyununun hazırlıqlarını doğma stadionda davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov millinin oyunları ilə əlaqədar yaranan fasilə dövründə vəziyyəti dəyərləndirib:

“Fasilə dövründə qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Bu, komanda üçün də vacib idi. Yüksək səviyyədə məşqlər keçib, növbəti görüşlərə tam hazır vəziyyətə gəldik. Düzdür, milli komandalara cəlb olunan futbolçular bütün hazırlıq prosesində iştirak etmədi. Lakin bu, əksər komandalarda yaşandığından normal qarşılanmalıdır. Artıq onlar da komandanın düşərgəsindədirlər”.

33 yaşlı yarımmüdafiəçi qarşıdakı görüş haqda da fikirlərini bölüşüb: “Zirə” ilə bu həftə keçiriləcək qarşılaşmaya tam hazırıq. Yalnız matça tam konsentrasiya olub, meydana çıxmaq qalıb. Qarşıdakı görüşdə 3 xala iddialıyıq. Cari mövsüm bu rəqiblə bir dəfə qarşılaşmışıq. Rəqib döyüşkən, futbol oynamağı bacaran komandadır. Ötən mövsümü mükafatçılar sırasında bitirmələri də onların gücünü göstərir. Bütün bacarığımızı meydanda qoyub, qalib gəlməyə çalışacağıq. Düşünürəm ki, bütün futbolçular potensiallarını tam ortaya qoysa, istəyimizə çatacağıq”.

 

Həmin kateqoriyadan