“Qəbələ”nin Premyer Liqada 182-ci futbolçusu

George Floresku “Qəbələ”nin heyətində Topaz Premyer Liqasında debüt etdi. Allsport.az “Qəbələ İK” qəzetinə istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 13-cü turda “Sumqayıt”la səfər matçında start heyətində meydana çıxmışdı. Floresku bunadək “qırmızı-qara” formada Avropa Liqasında təsnifat mərhələsinin 3 matçında, habelə, əvəzedici heyətdə oyunlara çıxıb.

O, komandasının heyətində milli çempionatımızda çıxış edən 182-ci futbolçu kimi tarixə düşüb. Maraqlıdır ki, yerlilər və legionerlərin sayında mütənasiblik eynidir – 91. “Qəbələ”də 2 futbolçu Premyer Liqada 100 oyun səddini keçə bilib. Bunlar legionerlər – braziliyalı kapitan Luis Hilario Dodoyla (122) seneqallı sabiq hücumçu Viktor Mendidir (112).

George komandasının 11 illik tarixində 7-ci rumıniyalı futbolçudur. “Qəbələ”nin bu ölkədən ilk legioneri yarımmüdafiəçi Marius Humenike olub. Ondan sonra müdafiəçilər Razvan Tarlea ilə Kristian Pulhak “qırmızı-qara” formada oynayıb. Ötən mövsüm isə müdafiəçi Aleksandr Benqa, yarımmüdafəçi Adrian Ropotan və hücumçu Andrey Kristea “Qəbələ”də çıxış edib. Onları gətirən baş məşqçi Dorinel Muntyanu isə klubun tarixində ilk və yeganə rumıniyalı çalışdırıcıdır. (“Qəbələ” İK)

Həmin kateqoriyadan