Qara Qarayev: Düşünürəm ki, bu, Azərbaycanın futbol tarixinə düşəcək qələbə oldu

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının 4-cü turunda Yunanıstanda yerli PAOK klubu üzərində qazandıqları qələbədən (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi, öncə bunu söyləyib:

– Bilirdik çətin olacaq və komanda olaraq buna köklənmişdik. 1 xalla dönmək sürpriz idi. Amma şükürlər olsun ki, 3 xalla döndük. İkinci hissədə rəqib çox basqı etsə də, qolu vurub qələbə qazana bildik. Düşünürəm ki, bu, Azərbaycanın futbol tarixinə düşəcək qələbə oldu.

– PAOK-un futbolçuları sizi təxribata çəkməyə çalışırdılar. Buna hazır idiniz?
– Bəli, bilirdik ki, rəqib burada aqressiv oynayacaq. AEK-lə oyunda da bu cür oynamışdılar. Bilirdik ki, həmin oyun bizə hazırlıq idi.

– “Slovan”la səfər oyununa 1 xal dalınca getmək lazımdır, yoxsa necə?
– “Slovan”a uduzmasaq, bizim üçün böyük şans olacaq. Həmin oyuna eyforiya ilə yollanmaq olmaz. Bakıda uda bilmədiksə, orada ehtiyatlı yollanmalıyıq.

– Oyundan sonra soyunub-geyinmə otağında nə baş verdi. Almeyda özünü pis hiss edirdi deyəsən?
– Yox, heç nə baş verməyib. Sadəcə, polislər dedi ki, yığışıb komanda şəklində otaqdan çıxaq. Almeydanın durumundan xəbərim yoxdur, çünki mən orada yox idim.

– Rəhbərlik oyundan sonra nə dedi?
– Rəhbərlik həmişə bizim yanımızdadır. Bu gün də Fevzi bəy bizimlə idi.

– Demək olar ki, Aqollinin anasının gəlişi sizin üçün düşərli oldu?
– (gülür) Bu gün bir çox anaların duaları bizimlə idi və bu duaların da qələbəmizdə çox böyük payı oldu.

Həmin kateqoriyadan