- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Kristian Panuççi məni milliyə çağırdı və inamını nümayiş etdirdi. Ona görə mən bu gün millinin əsas üzvlərindən biriyəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib. Albaniyanın “Supersport” telekanalında yayımlanan “Zona Qol” verilişinə danışan 35 yaşlı futbolçu yığmasının Türkiyə ilə qarşıdakı yoldaşlıq oyununa çağırılmamasının səbəbini də açıqlayıb:
“Baş məşqçinin Albaniya ilə bağlı uzunmüddətli layihəsi var. O, millidə oynatmaq üçün çox futbolçu olduğunu sübut etməyə çalışır. Yoldaşlıq oyunu olduğundan bu toplanışda iştirak etmirəm”.
O, millidə bitirmək barədə hələ düşünmədiyini bildirib: “Millidən ayrılmaq? Hələ heç nə deyə bilmərəm. Çünki futbolda proqnoz vermək çox çətindir. Hətta bundan sonra nə qədər oynayacağımı da bilmirəm. Düşünürəm ki, milli komanda ilə uğur qazanmışam. Yığmanın kapitanıyam və Avropa çempionatında oynamışam. Bu mənada hələlik millidən ayrılmağım mümkün deyil”.
Qol.az-in məlumatına görə, Aqolli “Qarabağ”dakı uğurlarından da danışıb: “Çempionlar liqasında 4 oyun keçirmişik. Komandanın öz məqsədlərinə nail olmasını təmin etmək üçün hər cür səy göstərmək yaxşıdır. Özümü bu nüfuzlu yarışda görmək, məni xoşbəxt edir”.
Adı ölkəsinin “İsgəndərbəy” klubu ilə hallanan müdafiəçi hələlik “Qarabağ”da qalmaq istədiyini vurğulayıb. Ancaq o, futbolçu kimi nə vaxtsa sabiq klubuna qayıdacağını da istisna etməyib:
“Mənim “Qarabağ”la müqaviləm var. Özümü bu komandada yaxşı hiss edirəm. Nə qədər ki, imkan var, bu komandada qalmaq istəyirəm. Xoşbəxtlikdən karyeram ərzində nəyi istəmişəmsə, nail olmuşam. Buna baxmayaraq, futbolda son bir arzum qalıb. Karyeramı “Tirana” ilə daha bir çempionluq qazandıqdan sonra bitirmək istəyirəm. Tiranada gözəl günlər keçirmişəm. Bu komandaya mənim xüsusi hislərim var”.