- Baxış sayı: 5
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 102
- Noyabr 19, 2024
- 0
Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Sergey Kravçenko keçmiş komandası “Qarabağ”la bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, Ağdam klubuna transferindən danışan 38 yaşlı futbolçu, ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubunun son illərdə xeyli gücləndiyini bildirib:
“Qarabağ”a Denis Sokolovskinin vasitəsilə keçmişdim. Onun özü də həmin komandada çıxış edib. Ovaxtkı komanda ilə indikini qarışdırmayın. Hazırda “Qarabağ” çox güclü kollektivdir. Çempionlar liqası və Avropa liqasının qruplarında mübarizə aparır. Mənim vaxtımda isə ortabab klub idi. Ukraynaya qayıtdıqdan sonra dostum dedi ki, adətən futbolçular Azərbaycandan ayrılandan sonra karyerlarını bitirirlər, sən isə hər şeyə orada başladın”.
Təcrübəli futbolçu, “Qarabağ”da oynamağın onun üçün xoş olduğunu söyləyib:
“Bu klubda hələ də əlaqə saxladığım insanlar var. Hətta onlardan biri mənə deyirdi ki, “Qarabağ”dan sonra “Dinamo” (Kiyev), “Dnepr” kimi komandalarda oynamış, Ukrayna millisinə çağırılmış yeganə futbolçusan.
Azərbaycanda əla vaxt keçirdim. Orda 6 ay çıxış etdim. Daim əsas heyətdə oynayırdım. Hətta mənə Azərbaycan vətəndaşlığı verib milliyə cəlb etməklə bağlı söhbət də olmuşdu. Düşünürəm ki, orda olduğum müddətdə bir az parlamışdım. Amma təklifi qəbul etmədim və Ukrayna yığmasında oynamaq istədiyimi bildirdim. Həmin vaxt hamı mənə güldü. Dedilər ki, Azərbaycan çempionatında 8-ci yerdə gedən komandadan Ukrayna millisinə düşə bilməzsən”.
Hazırda ölkəsinin “Çernomorets” klubunun şərəfini qoruyan yarımmüdafiəçi, “Qarabağ”dan ayrılmasının səbəbini də açıqlayıb:
“Azərbaycan çempionatında qış fasiləsi yarandıqdan sonra Ukraynaya qayıtdım və Donetskdə keçirilən turnirdə iştirak etdim. “Vorskla” klubunun nümayəndələri oyunumu görüb məni baxışa çağırdılar. “Qarabağ”la 6 aylıq müqaviləm qalmışdı. Amma danışıq olmuşdu ki, yaxşı təklif gəlsə, məni buraxacaqlar. Həmin ərəfədə Azərbaycandan iki sərfəli təklif aldım. Aylıq 10 000 ABŞ dolları verirdilər. Mən isə “Vorskla” ilə bundan üç dəfə az maaşa müqavilə bağladım”.
Sergey Kravçenko 2005/06 mövsümünün ilk hissəsində “Qarabağ”ın formasını geyinib. Donetsk “Şaxtyor”unun yetirməsi olan yarımmüdafiəçi Ukrayna millisində keçirdiyi 10 oyunda 1 qol vurub.