“Qarabağ”ın rəqibi üçün terror təhlükəsi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Anderlext” ötən gecə Belçika çempionatının 16-cı turu çərçivəsində səfərdə “Lokeren”lə qarşılaşmalı idi. Lakin allsport.az xəbər verir ki, bu görüş təxirə salınıb.

Belçika Futbol Federasiyası bu barədə yaydığı rəsmi məlumatda oyunun mümkün terror təhlükəsinin olması səbəbindən təxirə salındığını bildirib. Belə ki, hazırda Belçikanın paytaxtı Brüsseldə terror təhlükəsi hökm sürdüyündən, hökümət bütün təhlükəsizlik güclərini oraya cəm edib. Məhz onların xidməti yerlərini dəyişməsinin mümkün olmaması səbəbindən, “Lokeren” – “Anderlext” matçının təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, “Lokeren”in ev oyunlarını keçirdiyi “Daknam” stadionu Brüsseldən 75 km kənarda yerləşir. Amma stadionda təhlükəsizliyi təmin etmək vacib olduğundan, klub və federasiya rəhbərliyi risk etmək istəməyib. Turun digər görüşləri isə baş tutub.

Xatırladaq ki, bir neçə gün öncə Brüsseldə Belçika və İspaniya yığmaları arasında keçirilməsi nəzərdə tutulan yoxlama oyunu da oxşar təhlükə səbəbindən təxirə salınmışdı.

Həmin kateqoriyadan