“Qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var”

“Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram”.

Allsport.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendə keçiriləcək “Bayer”lə səfər oyununa yollanmayan klub rəhbəri komandasına inandığını açıqlayıb: “Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ” öz oyununu, öz gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.

Gözəl komandadan əzmkar mübarizə gözlədiyini qeyd edib: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Əsas böyük ürəyin, mübarizliyin olmasıdır. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan