“Qırmızı-qaralar” üçün yeni direktor

“Qəbələ” İdman Klubunda yeni təyinat rəsmiləşib. Allsport.az xəbər verir ki, Mustafa Aztopal klubun kommersiya direktoru vəzifəsinə təyin edilib. “Qafqaz Point Hotel”də KİV nümayəndələrinin iştirakı ilə baş tutan təqdimetmə mərasimində Mustafa Aztopal təyinatın təffətüatları və gələcək planlar barədə açıqlama verib:

“Qəbələ” klubu ilə bir müddətdir ki tanışam. Bu tanışlıq Toni Adams vasitəsilə baş tutub. Sonradan rəhbərliklə görüşmək, klubun planları ilə tanış olmaq imkanım yarandı. Bu gün burada “Qəbələ” İdman Klubu ailəsinin bir üzvü kimi yer aldığıma görə çox xoşbəxtəm. Qarşıda görüləcək çox işlərimiz var. Komanda kimi çalışaraq hədəflərimizə nail olacağımıza inanıram”.

1978-ci il fevralın 3-də Almaniyanın Şverte şəhərində anadan olan Aztopal ali təhsilini Türkiyədə alıb. 1996-2000-ci illərdə Marmara Universitetində ingiliscə təhsil alan mütəxəssis Siyasət və Beynəlxalq əlaqələr fakültəsini bitirib.

Aztopal təhsilini 2011-12-ci illərdə İngiltərədə, məşhur Liverpul Universitetinin Sosial Elmlər Fakültəsinin Futbol industriyası ixtisası üzrə davam etdirib.

Maliyyə qaynaqlarının idarəetməsi, İnnovasiyalar, Futbol və Hüquq, Futbol və Maliyyə, Futbol idarəetməsi, Beynəlxalq Futbol İndustriyası, Təşkilatçılıq, Futbol menecerliyi üzrə təhsil alan mütəxəssis İsveçrənin Nyon şəhərində İdman tədbirlərinin idarəçiliyi kursuna da qatılıb.

1998-ci ildə, 20 yaşında futbol hakimi kimi fəaliyyətə başlayan Aztopal 9 il ərzində Superliqadan başqa bütün Türkiyə liqalarında oyun idarə edib. O, peşəkarların iştirakı ilə 100-dən çox, həvəskar liqalarda 400-dən artıq matçda hakimlik edib.

Paralel olaraq bankda da çalışan Aztopal 2000–2008-ci illərdə İstanbulda “Uni Credit & Yapı Kredi” bankında Ticarət və qurumların kreditlərinin idarəolunması üzrə mütəxəssis (2000-2002), müdir müavini (2002-2006) və müdir (2006-2008) kimi fəaliyyət göstərib.

2008–2010-cu illərdə İstanbulun digər bankı “Tekstilbank”da çalışan mütəxəssis Ticarət və qurumların kreditlərinin idarəolunması üzrə qrup rəhbəri olub.

2010-cu ilin martından 2011-ci ilin iyulunadək İndoneziyanın paytaxtı Cakartada çalışan Aztopal “PT Golden Wheat Flour İndustry” şirkətinin baş direktoru olub.

İngiltərədəki təhsili başa vurduqdan sonra 2012-ci ilin iyulundan 2015-ci ilin aprelinədək “Kasımpaşa İdman Fəaliyyətləri A.Ş.”da baş direktor, icra aparatının üzvü kimi fəaliyyət göstərib. O, İdarə Heyətinin sədrinin göstərişlərinə əsasən, əməliyyat, təhlillər, sponsorluq məsələlərinin, büdcə və əməliyyat siyasətinin, stadion və bazanın, ictimaiyyət və media ilə əlaqələrin idarə olunması, klubla İdarə Heyəti arasında münasibətlərə rəhbərlik edib. Həmçinin, klubun UEFA, TFF və Avropa Klublar Assosiasiyası ilə əlaqələrinə cavabdehlik daşıyıb.

İngilis və alman dillərini bilən Aztopal 2012-ci ilin martında İngiltərənin Mançester şəhərində “Soccerex Global Convention,”, 2012-ci ilin iyulunda Türkiyənin İstanbul şəhərində Avropa Peşəkar Futbol Liqalarının, 2013-cü ilin noyabrında İngiltərənin paytaxtı Londonda “Leaders in Football” seminarlarında iştirak edib.

Həmin kateqoriyadan