- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin yarımmüdafiəçi Qoran Paratski müsahibə verib. Allsport.az saytı xəbər verir ki, yeni mövsümün startını səbirsizliklə gözləyən futbolçu, Xorvatiya millisinin Dünya Kubokunda uğuru ilə bağlı sualları da cavablandırıb:
– Sabah yeni mövsüm start götürəcək. İlk oyun öncəsi necə hisslər keçirirsiz?
– Sözün düzü, artıq çempionatın başlanmasını gözləyə bilmirəm. İstəyirəm, tez başlasın. Çox çalışmışıq. Nəhayət, premyer liqanın ilk oyununa çıxıb, azarkeşlərimizi sevindirmək istəyirik.
– Hesab etmək olar ki, Avropa liqasındakı uğursuzluq artıq unudulub?
– Təbii ki, Avroliqa ilə bu qədər tez vidalaşmağı planlaşdırmamışdıq. “Uypeşt” üzərində Bakıdakı qələbədən sonra düşünürdük ki, növbəti mərhələyə keçə bilərik. Deməzdim ki, arxayınlaşmışdıq. Sadəcə, Budapeştdəki gecə bizim gecəmiz deyildi. O oyunu unudub, bütün fikirlərimizi çempionata yönəltmişik. Premyer liqada uğurlu çıxış üçün köklənmişik.
– “Neftçi”nin əsas hədəfləri nə olmalıdı?
– Hər oyunda meydanda can qoymaq, qələbə üçün vuruşmaq. Birinci yer uğrunda mübarizə aparmalıyıq. Heç bir proqnoz verməyəcəm, gəlin, məqsədlərimizə pillə-pillə çataq.
– İlk turda rəqibiniz olacaq “Sumqayıt” necə təsir bağışlayır?
– Rəqibin bəzi görüşlərinə baxmışıq. Kompakt oynayırlar. Səbrli olmalıyıq və öz oyunumuzu oynamalıyıq.
– Doğma Xorvatiyadan tutmuş ekzotik Yeni Zelandiyaya qədər bir neçə klubda çıxış etmisən. “Neftçi”ni bu komandalardan fərqləndirən əsas amil hansıdı?
– Məncə, azarkeşlər. Onlar komandanı çox sevməklə yanaşı, klubun tarixinə hörmətlə yanaşırlar. “Neftçi” Azərbaycanın ən böyük klubudu. Bunu hər gün hiss edirəm.
– Ötən həftə “Qarabağ”ın çempionlar liqasında görüşünü stadiondan canlı izləyirdin. Rəqibin oyununa baxırdın, yoxsa həmvətənin Filip Ozobiçi dəstəkləyirdin?
– Biz Filiplə dostuq, vaxtı ilə bir yerdə oynamışıq. Amma əsas məqsədim “Qarabağ”ın oyununu izləmək idi. Çünki “Qarabağ” bizim çempionatda əsas rəqibimizdir. Fürsətdən istifadə edib, rəqibin oyununu seyr etməyə getmişdim. Yeri gəlmişkən, biz “Qarabağ”la qarşılaşanda Ozobiçlə olan dostluğumuz 90 dəqiqə ərzində heç bir əhəmiyyət daşımayacaq.
– Xorvatiya futbolu üçün fantastik bir yay oldu. Milli komandanız dünya çempionatının finalına yüksəldi. Xorvatiyalı futbolçu olmaq, dünyanın ikinci futbol ölkəsini təmsil etmək necə bir hissdir?
– Mən bu hissi sözlə ifadə edə bilmərəm. Fantastik hissdi. Xorvatiyada futbolu çox sevirlər. Əbəs yerə demirlər ki, Xorvatiyada 4 yüz min məşqçi yaşayır. İstedadlı futbolçularımız da çoxdur.
– Dünya çempionatının finalçılarından kimləri şəxsən tanıyırsız?
– Bir neçə futbolçunu şəxsən tanıyıram, amma İvan Striniçlə daha yaxından tanışam. Onunla Xorvatiyanın U-19 yığma komandasında oynamışıq.