Qurban Qurbanov bu sorğuda da qalib gəldi

Azərbaycanda 2021-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, komanda.az-ın KİV arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, çalışdırıcı 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Sorğuda iştirak edənlərdən 4-ü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova, 3-ü “Neftçi”yə son mövsümdə Azərbaycan çempionluğunu qazandıran Samir Abbasova, 2-si isə “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasova səs verib. “Keşlə” ilə son mövsümdə ölkə kubokunu qazanan Sənan Qurbanova səs verən olmayıb.

“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionatında 2-ci yeri tutmuşdu və Avropa liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Ağdam komandası bu il mübarizə apardığı konfrans liqasında qrup mərhələsini aşaraq, tarixində ilk dəfə olaraq pley-ofa vəsiqə qazanıb.

Həmin kateqoriyadan