- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Çempionlar liqasının “C” qrupunun sonuncu turunda “Roma” – “Qarabağ” matçı öncəsi mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikrini bildirib:
– Son oyunumuzdur. Düşünürəm ki, nəticə baxımından turnirdən razı olmasaq da, böyük bir təcrübə topladıq. Sabahkı oyunda da ciddi mübarizə aparacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyundan asılı olsun. Ancaq düşünürəm ki, oyunçularım özlərini yaxşı tərəfdən göstərəcəklər. Bu onlar üçün böyük bir şans olacaq.
– Çempionlar liqasında 2 böyük italyan məşqçi ilə qarşılaşmaq imkanınız oldu. Onlardan hansını fərqləndirərdiniz?
– Hər ikisi haqda xoş sözlər söyləyə bilərəm. Ümumiyyətlə, italyan futbol məktəbi çox taktikaya üstünlük verir. Hər 2 məşqçi fərqli taktikaya üstünlük verir. Bu, futbol üçün tamam fərqli fəlsəfələrdir. Onları bir-birindən ayırmazdım. Ona görə də həm “Roma”ya, həm də “Çelsi”yə qarşı oynamaq bizim üçün çətin olub. “Roma”nın 2 oyunda “Çelsi”nin qapısından 6 top keçirməsi bu komandanın gücündən xəbər verir.
– Yarış cədvəli baxımından formal xarakterli oyundur. “Qarabağ” sabah meydana nə üçün çıxacaq?
– Əvvəl də bu oyun haqda qeyd etmişdim. Bu, son böyük oyunumuzdur. Bizim üçün bu matç böyük təcrübə verəcək. Ona görə də düşünürəm ki, sabah daha yaxşı oyun nümayiş etdirməliyik. Böyük bir şansımız var ki, oyunda təzyiq altında çıxış etməyək. Çalışacağıq ki, sonadək mübarizə aparıb özümüzü ən yaxşı tərəfdən göstərək.
– Böyük oyuna ciddi itkilərlə çıxacaqsınız. Müdafiə xəttindəki boşluqları doldurmaq üçün hansı imkanlardan istifadə edəcəksiniz?
– Belə bir oyunda 3 əsas müdafiəçimizin olmaması, təbii ki, böyük problemdir. Ancaq çempionatda rotasiya edərək çalışırıq ki, oyunçularımız təcrübə toplasın. Buna baxmayaraq, dəfələrlə qeyd etmişəm ki, sabah hansı oyunçumuzun meydanda olmasından asılı olmayaraq, onlar özlərini bu oyunda tam hazır hiss edəcəklər.
– Necə düşünürsünüz, 2 xaldan daha çox qazanmaq mümkün idi?
– Real baxmalıyıq. Biz bu qrupa düşəndə hamı fikirləşirdi ki, xalımız olmayacaq. Ancaq “Çelsi”yə yenilgidən sonra futbolçular daha da uğurlu çıxış etməyə başladılar. Dəfələrlə qeyd etmişəm ki, bu qrupdan 1 xal qazanırıqsa, bu, uğurumuzdur. Belə böyük “5-lik” klublarının bizə gəlməsi böyük bir şeydir. “Qarabağ”, eləcə də Azərbaycan futbolu böyük təcrübə qazandı. Azarkeşlərimiz canlı şəkildə böyük futbolçuları görmək imkanı əldə etdi. Bəlkə də bəzi oyunçularımız olsaydı, daha çox xal yığa bilərdik.
– “Roma” ilə oyunda heç-heçə də başa çata bilərdi. Di Françesko demişdi ki, həmin oyundan sonra şanslarımız artdı. Həmin oyundan sonra sizin üçün nələr dəyişdi?
– Əlbəttə ki, bu komandanın gücünü daha yaxından tanıdıq. Düzdür, ilk oyunda məğlub olduq. İlk 20 dəqiqəni çıxmaqla, futbolçular inamlı çıxış etdi. Onlarda ilk 20 dəqiqədə istər-istəməz həyəcan vardı. Çünki ilk ev oyunumuz idi. İndi oyunçularımızın özünəəmin olmasını görürəm. Onlar artıq özlərini daha sərbəst hiss edirlər.
– Millidə gələn ay üçün yoxlama oyunları və yığmada köməkçi məşqçilər müəyyənləşibmi?
– Açığı, burda milli haqda çox məlumat vermək istəmirəm. Qısaca onu deyə bilərəm ki, sparrinq rəqiblər üçün axtarışlar gedir. İndi tam ətraflı məlumat verə bilməyəcəyəm. Bu barədə sonra daha çox düşünmək lazımdır. Yalnız onu deyə bilərəm ki, bu yöndə iş gedir. Bu məsələyə az da olsa vaxt ayırmışam.
– Avroliqada qrupdan çıxmaq çempionlar liqasında mübarizə aparmaqdan yaxşıdır” kimi mülahizələr var. Sizin bu barədə fikirləriniz necədir?
– Bilmirəm siz hansı turnirin Bakıda keçirilməsini istəyirsiniz?! Ancaq ilk növbədə biz ölkə çempionatında qalib olmalıyıq. Bundan sonra ən maksimum əhəmiyyətli turnirdə çıxış etmək istəyirik. Ola bilsin ki, yenə Avroliqada eyni cür çıxış edək. Çünki ordakı komandalar da güclüdür. Lakin biz həmişə çalışırıq ki, Çempionlar Liqasında mübarizə aparaq. Əgər maksimuma köklənməsək, yaxşı olmaz.