Qurban Qurbanovdan rekord

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb. Allsport.az saytı xəbər verir ki, o, ardıcıl 3 dəfə komandası ilə ölkə çempionu olan ilk məşqçi olub. Buna səbəb “Qarabağ”ın Premyer Liqanın 2015/16 mövsümünün çempionu olmaqla ardıcıl 3-cü dəfə qızıl medalları qazanmasıdır.

Hər 3 zəfərin memarı olan bu mütəxəssisədək heç bir məşqçi bunu bacarmamışdı. Ardıcıl 3 çempionluq qazanan “Neftçi” isə 1 dəfə Arif Əsədov, 2 dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl 2 mövsüm çempion olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını 3-ə çatdırmaqla şəriklərini arxada qoyub.

Ümumiyyətlə isə o, baş məşqçi kimi qazanılan qızıl medal sayında Hacıyevlə Allahverdiyevə çatıb – hərəsi 3 dəfə. “Üçlük” yalnız Ağasəlim Mircavadovla (5) Kazbek Tuayevdən (4) geri qalır. Digər 5 çalışdırıcı – Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə 1 uğuru var.

 

Həmin kateqoriyadan