- Baxış sayı: 18
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Qəbələ” Topaz Premyer Liqasının 15-ci turunda “Xəzər Lənkəran”la səfər oyununda 1:0 hesabı ilə qalib gələrək, turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın qələbəsində təcrübəli yarımmüdafiəçi Rəşad Sadiqovun da əməyi olub. Start heyətində meydana çıxıb, 73-cü dəqiqədə əvəzlənən futbolçu qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:
“Xəzər Lənkəran” gənclərdən təşkil olunsa da, yaxşı futbol sərgiləyirlər. Bu komandanın futbolçuları istəklidirlər, mübarizə aparırlar, yaxşı oynayırlar. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. Əsas da bu 3 xalı qazanmaq idi. Bu da sevindiricidir. Birinci dövrədə öz meydanımızda oynamışdıqsa, bu dəfə səfərdə qarşılaşdıq. “Xəzər Lənkəran” isə evdə istənilən rəqibə qarşı yaxşı oynayır, müqavimət göstərir. Bizə qarşı da yaxşı çıxış etsələr də, istəyimizə çatıb, qələbə qazandıq. Təcrübə sayəsində bu çətin qarşılaşmada qalib gəldik. Bundan əvvəlki matçlarda da yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. “Sumqayıt”la qarşılaşmanı nəzərə almasaq, bütün görüşlərdə daha yaxşı oynayırdıq. Lakin 90 dəqiqə üstünlüyə sahib olsaq da, bəxtimiz gətirmirdi. Bu qələbədən sonra hər şey qaydasına düşəcək və çıxışımızı uğurlu seriya ilə davam etdirəcəyik”.
“Qəbələ” bu həftə iki vacib oyun keçirəcək. Dekabrın 10-da UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya “Krasnodar”ını qəbul edəcək komandamız 3 gün sonra Topaz Premyer Liqasında “Neftçi” ilə üz-üzə gələcək. Hər iki matçın çətin və vacib olduğunu qeyd edən Sadiqov ilk növbədə qarşıdakı matça kökləndiklərini bildirib:
“Qrupda üçüncü yerdən əvvəl qələbəni düşünürük. Neçənci yeri tutacağımızı fikirləşmirik. Əsas oyuna çıxıb, “Krasnodar”a qalib gəlməkdir. UEFA Avropa Liqasını yaxşı notlarda bitirmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, həm “Qəbələ”, həm də Azərbaycan xalqı üçün qələbə qazanaq. “Neftçi” ilə oyun da ağır və gərgin olacaq. Bu rəqib də yaxşı oynayır. Lakin hələ bu haqda düşünmürük. Bütün fikrimiz “Krasnodar”la matçla bağlıdır. Rusiya təmsilçisini də, hər bir komandanı da məğlub etmək mümkündür. Biz istəkliyik və qələbəyə köklənmişik. Qalib gəlməyə çalışacağıq”.