Ramin Musayev: Belə qərara gəldik ki, biz də 5 çempionluğa 1 ulduz verək

Bu gün premyer liqada yni mövsümün püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə klublar rəqiblərini biliblər. Tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəzi maraqlı məqamlara  toxunub:

“Dünən “Qarabağ” uğurlu çıxış edərək, Çempionlar Liqasının pley-off mərhələsinə adladı. İnşallah, “Qəbələ” də sabah xalqımızı sevindirər. Növbəti mövsüm premyer liqada  iştirak edəcək komandalara da uğurlar arzu edirəm. Bu il “Səbail” debüt edəcək. Onlara uğurlar arzulayıram. Püşkatmadan öncə bəzi dəyişikliklər barədə danışmaq istəyirəm. Belə qərara gəldik ki, dünya təcrübəsində olduğu kimi, bizdə də 5 çempionluğa 1 ulduz verilsin. Premyer liqada limit keçənilki kimidir. Sadəcə, 1994-cü ildə doğulan futbolçuları 1996-cı il təvəllüdlü oyunçular əvəz edəcək”.

O, hazırda təmiri davam etdirilən Gəncə stadionundan da danışıb: “Ötən il “Kəpəz”in stadionu ilə bağlı çox şikayət oldu. Lakin hazırda Gəncə şəhər stadionunda geniş təmir, yenidənqurma işləri görülür. Düşünürəm ki, I dövrənin sonuna kimi arena təhvil veriləcək. Digər klublardan xahişimiz var ki, I dövrədə “Kəpəz”in qonağı olacaq komandalar güzəştə getsinlər. Onlar hansı stadionu seçəcəklərsə, məcburuq ki, oyunları orda baş tutsun. “Kəpəz” klubu ev meydançası kimi ya Tovuzdakı stadionu, ya da Bakıdakı arenalardan birini seçəcək”.

Ramin Musayev icarəyə verilən futbolçuların müqavilə ilə məxsus olduğu kluba qarşı oynayacağını da sözünə əlavə edb: “Yeni mövsümdən etibarən hansısa klub oyunçusunu digər kluba icarəyə verəndə daha onu özünə qarşı oynatmamaq tələbini irəli sürə bilməyəcək. PFL bununla bağlı məktub qəbul etməyəcək. Ya icarəyə vermə, ya da verirsənsə, onun sənə qarşı oynamasına mane olma. Çünki klubların, oyunların sayı azdı. Həmin icarəyə verilən futbolçu isə daha çox oynamalı, təcrübə qazanmalıdır”.

Həmin kateqoriyadan