Reytinq turnirinə 1 gümüş və 1 bürünc medalla start

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə start verilib.

Allsport.az xəbər verir ki, bu gün 3 sərbəst güləşçimiz mübarizə aparıb.

Əliabbas Rzazadə (57 kq) 1/4 finalda özbəkistanlı Qulamjon Abdullayevə “tuş”la qalib gəlib. Ancaq yarımfinalda hakimlərin müəmmalı qərarları və zədə həlledici olub. Belə ki, yaponiyalı Rei Hiquçiylə görüşdə həmyerlimizin ardıcıl fəndləri cəmi 8 xalla qiymətləndirilib. Qarşılaşmanın davamında Əliabbasın çiynindən aldığı zədə rəqibə müqavimət göstərməyə imkan verməyib – 8:18. Rzazadə zədələndiyi üçün bürünc medal uğrunda görüşə də çıxmayıb.

Hacı Əliyev (65 kq) “A” qrupunda ilk turda yaponiyalı Kotaro Kiyokaya 5:2 hesabıyla qalib gəlib. Özbəkistanlı Ümidjon Calalov xalçaya çıxmadığı üçün 2-ci turda həmyerlimizə texniki qələbə verilib. Əliyev 3-cü turda son dünya çempionu İsmayıl Musukayevə (Macarıstan) məğlub olub – 3:9. Hacı yarımfinalda iranlı Abbas İbrahimzadəyə 0:6 hesabıyla uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə meksikalı Austin Qomesə heç bir şans tanımayıb – 12:3.

Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda slovakiyalı Batirbek Tsakulova tam üstünlüklə qalib gəlib – 12:2. Təmsilçimiz yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxandan güclü olub – 15:7. Məhəmmədxan səhhətində yaranmış problemlə əlaqədar finalda Əlişir Yergaliylə güləşməyib və gümüş medalla kifayətlənib.

Giorgi Meşvildişvilinin (125 kq) yarışda iştirakı planlaşdırılsa da, sonradan məşqçilərin qərarıyla buna ehtiyac duyulmayıb.

Beləliklə, sərbəst güləş millimiz reytinq turnirinə 1 gümüş və 1 bürünc medalla start verib. Sabah komandamızın son üzvü Turan Bayramov (74 kq) güləşəcək.

Həmin kateqoriyadan