Robert Prosineçki: AFFA-nın baş katibi işimi sona qədər davam etdirməyimi istəyir

Azərbaycan-Şimali İrlandiya oyunundan sonra ənənəvi olaraq AFFA-nın baş katibi ilə görüşdüm və oyunla bağlı hesabat təqdim etdim. Rəhbərliyə millinin oyunu barədə fikrimi ətraflı şəkildə bildirdim. Onunla eyni ofisdə, hətta bir mərtəbədə işləməyimizə, tez-tez görüşməyimizə baxmayaraq, belə hesabatlar hər oyundan sonra olur. Çox şadam ki, AFFA işimdən razıdır və komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir. Bu etimadı doğrultmaq üçün seçmə mərhələnin qalan dörd oyununda da var gücümüzlə çalışmağa səy göstərəcəyik.

Allsport.az saytı xəbər verir ki, bu sözü millimizin baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı mütəxəssis gedişi ilə bağlı Azərbaycan və Türkiyə KİV-ində gedən yazılara belə aydınlıq gətirib: “Son günlər bəzi KİV-lərdə yayılan məlumatlarla, xüsusilə də “Bursaspor” klubundan təkliflərlə əlaqədar bildirmək istərdim ki, bu, hər bir işçi üçün normal haldır.

Bu, onu göstərir ki, AFFA tərəfindən yaradılan şəraitə əsasən görülən işlər xarici futbol mütəxəssisləri tərəfindən də dəyərləndirilir. Məhz bu səbəbdən də son vaxtlar adım müxtəlif klublarla birgə hallandırılır. Konkret olaraq, qeyd etmək istərdim ki, AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var və Assosiasiya işimi sona qədər davam etdirməyimi istəyir. Mən də bu fikirdəyəm. Hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəyəm.

Püşkə uyğun olaraq isə çempionlar və Avropa liqalarında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacağam. Avqustda isə Azərbaycana qayıdacağam, premyer liqanın yeni mövsümünün oyunlarını izləyəcəyəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.

Həmin kateqoriyadan